Yusif Alıyev, ADPU-nun Quba filialının direktoru, Fizika elmləri doktoru, dosent - “Ədəbiyyat və incəsənət” üçün
Hər bir mədəni hadisə özü-özlüyündə cəmiyyətin inkişafına təkan verir, sağlam mühit formalaşdırır, yeni üfiqlər açır. Mədəni hadisələrin ən böyük təsir imkanını isə teatrlar vasitəsilə həyata keçirmək mümkündür. Çünki ta qədimdən indiyə kimi həyat elementlərini detalı ilə insana çatdıran ən təsirli sənət növü teatr hesab edilmişdir.
Bəşəriyyət az qala dördüncü sənaye inqilabını keçib beşinci sənaye inqilabına qədəm qoymaq üzrədir. Artıq insanın yarada, görə, danışa bilmədiyi hər şeyi düşünən “ağıllı robot”, yəni süni intellekt qurğusu icad olunub. Lakin bu dəyişikliklərə rəğmən hələ də insanı düşündürən, insana həyatı dərk etməkdə kömək edən 2700 il tarixi yol keçmiş teatr qədər ikinci bir təsir imkanı kəşf edilməmişdir.
Mən ixtisasca fizik olduğumdan teatr haqqında danışarkan teatrşünasların və teatr tənqidçilərinin bağışlama böyüklüyünə sığınıb danışıram. Lakin, eyni zamanda düşünürəm ki, teatr hər kəsin həyatı üçün hava və su vacibliyi kimi önəmli olduğundan hər kəsin də teatr haqqında fikir ifadəsində sərbəstliyi var. Var, lakin ağına, bozuna baxmadan danışmaqla, yox. Teatr bir müqqəddəslikdir, səhnə isə mükəmməllik. Ona görə də müqəddəslik və mükəmməllik haqqında danışarkən diqqətli olmaq lazımdır.
Teatr səhnələri həmişə tamaşa hazırlanan əsərin müəllifini, ssenari müəllifini, rejissorunu deyil, daha çox aktyoru təqdim edir. XXI əsrin insanını təəccübləndirməyin az qala qeyri-mümkün olduğunu bilərək, heç olmasa insanı düşündürməyin imkanlarını araşdırıb tapmaq baxımından teatr xadimlərinin üzərinə ağır yük düşür. Ona görə də elə əsərlərə müraciət edilməlidir ki, əsər də düşündürən olsun, tamaşanın ssenari müəllifi də yazdığı ssenari ilə düşüncələrlə təsir etsin, tamaşanın rejissoru da səhnələrin quruluş və qoyuluşunda, əsasən də aktyorların seçimində uğurlu işlər görə bilsin.
Necə ki, mərhum sənətkarımız Adil İsgəndərovun teatra gəlməsi ilə Azərbaycan teatrında möhtəşəm bir canlanma yaşandı. Xalq artisti Adil İsgəndərovun istedadı sayəsində vaxtilə tamaşaçı tərəfindən o qədər də sevilməyən onlarla tamaşaya yenidən quruluş verilərək həmin tamaşalara maraq yeniləndi və teatr səhnələrində biri birinin ardınca böyük uğurlar qazanıldı. Adil İsgəndərov, həmçinin teatr səhnəsində tamaşaçı ilə aktyorun tamaşa müddətində necə üzvi surətdə bağlı olduğunu göstərən onlarca rol nümunəsi nümayiş etdirdi. O böyük aktyorluq məharəti ilə, əsilzadə keçmişi ilə insanı düşündürürdü.
Fizikada belə bir yanaşma var: Sistemi tarazlıq vəziyyətindən çıxartmadan onu öyrənmək mümkün deyil. Bəli, tamaşaçını da öz stabil durumundan çıxatmadan, onun düşüncəsində fırtınalar yaratmadan diqqətini cəlb etmək mümkün deyil. Məhz böyük sənətkarımız da teatrı oturuşmuş stabilliyindən çıxardaraq tamaşaçının gözündə ucaltdı və yeni teatr məktəbi yaratdı ki, bu məktədə də yüzlərlə sənətkar yetişdi.
Bəlkə də yazımın giriş hissəsi bir qədər mücərrəd oldu. Lakin bunları qeyd etmədən birbaşa mətləbə keçə bilməzdim. Çünki bu gün Qubada elə bir mədəni hadisə yaşandı ki, çətin ki onun təsirindən bir müddət çıxmaq mümkün olsun.
Dəvətimiz əsasında Şuşa Dövlət Musiqili Dram Teatrı bu gün Pedaqoji Universitetin Quba filialına təşrif buyurdu və gəlişi ilə də böyük mədəni hadisənin təsiri ilə yaddaşlarda əbədi məşəl alovlandırdı.
Xalq yazıçısı, nasir, dramaturq İlyas Əfəndiyevin anadan olmasının 110 illiyi ilə əlaqədar Şuşa Dövlət Musiqili Dram Teatrı rejissor, Əməkdar artist Loğman Kərimovun quruluşunda hazırlanmış “Boy çiçəyi” tamaşasını təqdim etdi.
Üç müxtəlif insan taleyi, üç nakam məhəbbət hekayəsi ilə əhatə olunmuş tamaşa ilk başdan tamaşaçıları özünə cəlb etdi. İki yüz nəfərlik zalda sanki nəfəs belə alınmırdı, o qədər sükut idi. Böyük akustik parametrlərə uyğun şəkildə qurulmuş zalın hər yerinə səhnədən gələn səs yayılırdı. Həsənzadənin böyük məhəbbətlə sevdiyi, lakin erkən itirdiyi həyat yoldaşı ilə xəyalən dərdləşməsi ürəkləri deşən dərd idisə digər tərəfdə aciz, qorxaq, bir az da hüquqsuz Nəzakətin yaşadığı həyat tamaçaçının qəlbini riqqətə gətirirdi. Onun müharibədə itirdiyi ərini bir an belə unutmaması, adına söz çıxmasın deyə kiçik maraqlar üzərində ailədə böyük problemlər yaradan Fərəcə nifrət etməsi çox təsirli idi. Bu nifrətin əsasında isə onun qızı Nargilənin ağır psixoloji təsirlərdə yaşaması idi. Fərəc Nəzakətin evinə girib, Nargilənin atasından qalma evdən onu qovub çıxarmaq istəməsi onun mənfi obrazını dəhşət qabardırdı. Nargilə isə yaşlı, lakin müdrik, alicənab Həsənzadəyə qarşı sonsuz sevgi və məhəbbət sərgiləyirdi. Lakin bu məhəbbət və sevgi Həsənzadənin gələcəyini kölgələləmək istəmədiyi Nargilədən ayrılmaqla nakam hala gəlir.
Dərin lirik–psixoloji üslubda yazılmış pyesin müasir səhnə yozumunda verilməsi tamaşaçının diqqətini anındaca cəlb edirdi.
Tamaşanın ən maraqlı tərəfi isə aktyor peşəkarlığı idi. Texniki imkanların zəif, xüsusilə də işıq və dekorasiya effektlərinin olmadığı bir zalda peşəkar aktyorluq məharəti ilə tamaşaçını riqqətə gətirən bir tamaşa izlənildi. Həsənzadə ilə Nargilənin səs tonları bir-biri üçün elə tamamlanmış ahəngdə səslənirdi ki, sanki bu rol üçün illər uzunu aktyor testi edilmişvə sonda bunlar seçilmişdir. Həsənzadənin qalın, lakin mülayim səsi ilə Nargilənin şıltaq, lakin dərdli səsi bir birini tamamlayaraq tamaşaçının qəlbinə axıb dolurdu.
Tamaşaçılar tərəfindən böyük maraq və diqqətlə izlənilən tamaşanın sonunda Həzənzadə rolunun ifaçısı Əməkdar artist Nazir Rüstəmov, Fərəc rolunun ifaçısı Əməkdar artist Azad Məmmədov, Nargilə rolunda oynayan Zəhra Salayeva və Nəzakət rolunun ifaçısı Püstəxanım Zeynalova sürəkli alqışlarla alqışlandılar.
Bu möhtəşəm teatr tamaşası Pedaqoji Universitetin Quba filialının professor-müəllim və tələbə heyətinin, həmçinin qonaqların yaddaşında böyük mədəni hadisə kimi yer aldı. Tamaşadan sonra hər kəs öz təsüratını yanındakı həmkarı, dostu ilə bölüşürdü.
XXI əsrdə yaşayan, informasiya aləmi üzrə əhatə olunmuş insanı belə təəccübləndirmək, düşündürmək isə əsl peşəkarların işi idi, onu da bacardılar. İnanıram ki, 86 yaşlı Şuşa Dövlət Musiqili Dram Teatrı öz doğma evinə - Şuşaya qayıtdıqdan sonra da öz missiyasını layiqincə yerinə yetirərək tarixi ənənələrini yaşadacaq.
Bir daha Teatrın direktoru Əməkdar artist Yadigar Muradova, yaradıcı heyətə və dəyərli aktyor heyətinə ADPU-nun Quba filialının kollektivi adından təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(24.05.2024)