Mayın 2-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin (ARKA) dəstəyi ilə görkəmli dramaturq Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə tədbir keçirilib. Bəli, biz 1899-cu ildə Xızıda dünyaya göz açmış dahi sənətkarı yalnız bir tərəfdən - ölməz pyeslərin müəllifi kimi tanıyırıq. Amma o, həm də görkəmli kinorejissor, kinoşünas olub.
“Ədəbiyyat və incəsənət” portalı ARKA-ya istinadən xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub.
Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq milli kinematoqrafiyamızın inkişafında C.Cabbarlının əvəzsiz xidmətlərindən, “Sevil” filminin çəkilişi zamanı məhz onun səyi ilə azərbaycanlı aktrisanın ekrana gətirilməsindən danışıb. Sonra Əməkdar incəsənət xadimləri Aydın Kazımzadə, Cahangir Zeynallı, professor Asif Rüstəmli, Əməkdar müəllim Nəcməddin Mürvətov görkəmli ədəbiyyat və kino xadimini xoş sözlərlə xatırlayıblar. Sənətkarın ailə üzvləri adından nəvəsi Qəmər Seyfəddinqızı çıxış edərək tədbirin təşkilinə, C.Cabbarlının 80 illiyi münasibətilə çəkilmiş sənədli filmin bərpasına görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.
Tədbirin sonunda kinorejissor Cahangir Zeynallının C.Cabbarlıya həsr etdiyi “Solmaz bir bahar kimi” filmi tamaşaçılara təqdim olunub. Xatırladaq ki, 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş bu film Dövlət Film Fondu tərəfindən bərpa edilib.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)