Azərbaycan Respublikası Kino Agentliyi yarandığı gündən keçən müddət ərzində görülən işlər haqqında hesabatı təqdim edib. Baş direktoru vəzifəsini Orxan Fikrətoğlunun icra etdiyi qurumun qısa müddətdə gördüyü işlər hədsiz dərəcədə çoxdur, genişmiqyaslıdır.
“Ədəbiyyat və incəsənət” portalı hesabatı nəzərinizə çatdırır.
FİLM LAYİHƏLƏRİ MÜSABİQƏSİ
Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi keçirib. Müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədi daşıyıb.
Kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslər tərəfindən dövlət sifarişi, kommersiya, müəllif (sənət), debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrin təqdim edildiyi müsabiqənin Seçim komissiyasının qiymətləndirməsinə əsasən, dövlət sifarişi, kommersiya, sənət və debüt istiqamətində 30, tələbə alt istiqaməti üzrə isə 16 layihə məqbul hesab edilərək pitçinq mərhələsinə buraxılıb.
Müsabiqənin müstəqil mütəxəssislərdən ibarət Seçim komissiyası və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının iştirakı ilə Azərbaycan Dövlət Film Fondunda təşkil olunan pitçinqdən öncə Ekspert şurası Seçim komissiyasının təqdim etdiyi layihələrin ssenariləri və digər zəruri sənədləri ilə yaxından tanış olub. Pitçinqdə müəlliflər layihələrini açıq şəkildə müdafiə ediblər. Azərbaycan Milli İncəsənət Muzeyində film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib. Seçim komissiyası və Ekspert şurası tərəfindən açıq səsvermə yolu ilə “Qorqud və Zəhra” (“OksiMedia” MMC) və “Sözün varsa, de!” (“Mozg Media Group” MMC) tammetrajlı bədii film layihələri istisna olmaqla “Xəzinə” (“Ultra Production” MMC), “Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC), “Borc” (“Bakı Media Mərkəzi” MMC), “Arılar və qəbirlər” (“SFN Production” MMC) tammetrajlı bədii, “Nargin” (“Karvan Production” MMC), “Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC), “Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC) tammetrajlı sənədli, “Daş” (“ART Baku Production” MMC), “Erkən hisslər” (“Rental Azərbaycan” MMC) qısametrajlı bədii, “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) qısametrajlı sənədli, “Narqız” (“Peri Film” MMC) qısametrajlı animasiya film layihələrinin və 16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsi təsdiq edilib. İstehsalına dəstək göstərilməsi məqsədəuyğun sayılmayan bir sıra layihələrin ssenarilərinin inkişaf etdirilməsi məqsədilə ARKA tərəfindən yaradılmış Film laboratoriyasına təqdim olunması təklif edilib. Müsabiqənin məqsədi ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsidir.
PRİORİTETLƏR
Eyni vaxtda dörd yeni təsisatın – animasiya məktəbi, ssenaristlər kursu, kinoaktyor teatrı və texniki təkmilləşmə kurslarının açılması istiqamətində işlər aparılıb.
AMİMATORLARIN İNKİŞAF PROQRAMI LAYİHƏSİ
Animatorların İnkişaf Proqramı ilə bağlı layihəyə start verilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Mədəni və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində Animatorların İnkişaf Proqramı (Animator’s Accelerator) üçün müraciətlərin qəbuluna start verilib. 8 həftəlik təlim proqramı, yerli animatorların peşəkərlığının artırılması və beynəlxalq standartlara uyğun peşə bacarıqlarının mənimsənilməsi məqsədilə həyata keçiriləcək. Təlimi nəzərə alaraq ən uğurlu iştirakçıların işlə təmin edilməsi və beynəlxalq layihələrə cəlb edilməsi nəzərdə tutub. Animatorların İnkişaf Proqramı (Animator’s Accelerator) təlim proqramı, yerli animasiya sahəsində kreativ və peşəkar animatorları beynəlxalq səviyyədə tanitmağı hədəfləyir və Azərbaycan animasiya sektorunun inkişafına dəstək olmaq məqsədilə təşkil olunur.
“PRODÜSERLƏRİN YÜKSƏLİŞİ” TƏLİM PROQRAMI
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə keçirilən “Prodüserlərin yüksəlişı” təlim proqramına start verilib. Təlimlər Avropanın ən qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi və prodüseri Martin Haqemannın rəhbərliyi və Avropanın qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi, prodüser Titus Kreynberqin iştirakı ilə baş tutub. Təlim iştirakçılara rəqabətədavamlı kino biznesinin yaradılması və idarə olunması, yerli və xarici maliyyə mənbələrinin film istehsalına cəlb edilməsi, filmlərin yerli və xarici satışının təşkili, eləcə də digər sahələr üzrə fundamental biliklərə yiyələnmək imkanı təqdim edilib. Eyni zamanda iştirakçılar təlim müddətində müasir beynəlxalq standartlara cavab verən kino layihələrini hazırlamaq fürsətini əldə ediblər. İştirakçılar sertifikatla təltif olunublar, ən yaxşı kino layihələrinin müəllifləri isə fərqlənmə sertifikatı və ARKA-nın təşkil etdiyi film layihə müsabiqələrində və digər layihələrdə güzəştli iştirak hüququ qazanıblar.
III “KORKUT ATA” TÜRK DÜNYASI FİLM FESTİVALI
Azərbaycan III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edib. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və Başqırdıstandan (Rusiya Federasiyası), həmçinin azsaylı türk xalqlarından təqdim olunan 40-a yaxın bədii, sənədli və animasiya filminin oktyabrın 8-dən 11-dək Nizami Kino Mərkəzində nümayişi baş tutub. Türk dünyası kinematoqrafiyasına verdiyi töhfələrə görə Hocaqulu Narlıyev, Mayagözəl Aymedova, Çarlıyar Seyidli (hər üçü Türkmənistan), Serdar Gökhan, Metin Günay ( hər ikisi Türkiyə), Həmidə Ömərova, Oqtay Mirqasımov, Orman Əliyev, Ağasi Məmmədli (hamısı Azərbaycan), Firdavs Abduxalikov (Özbəkistan) və Azamat Satıbaldı (Qazaxıstan) fəxri mükafatlarla təltif olunub. "Jambıl" filminə görə qazaxıstanlı aktyor Dosjan Janbotaev, "Hep 33 yaşında" filminə görə türkiyəli rejissor Murat Pay jürinin xüsusi mükafatına layiq görülüb. “Ən yaxşı aktyor” nominasiyası üzrə mükafatı Ahmet Amandurdiyev ("Qızıl alma", Türkmənistan), "Ən yaxşı aktrisa" nominasiya üzrə mükafatı isə Təhminə Rafaella ("Məryəm", Azərbaycan) qazanıb. “Ən yaxşı ssenari” mükafatına “Abdulla Oripov” (Özbəkistan) filmi layiq görülüb. "Ən yaxşı rejissor" nominasiyasında Zhuraeva Asel Talibzhanova ("Tanrıverdi", Qırğızıstan) qalib olub. "Ən yaxşı sənədli film" nominasiyasında 3-cü mükafat “Mənim dairəm” (Özbəkistan), 2-ci mükafat “Arqau” (Qazaxıstan), 1-ci və əsas mükafata isə “Sonuncu” (Azərbaycan) filmləri layiq görülüb. "Ən yaxşı bədii film” nominasiyasında "Yıldız tozu" (Türkiyə, rejissor Ahmet Sönmez) filmi qalib olub.
QISA FİLMLƏR FESTİVALI
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin rəsmi tərəfdaşlığı ilə Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçirilib. Festivalın “Qızıl nar” mükafatı, həmçinin xüsusi mükafatlar və diplomları sahiblərinə təqdim edilib. Ümumilikdə 3-ü beynəlxalq, 2-si yerli olmaqla 5 film festivalın baş mükafatına – “Qızıl nar”a layiq görülüb. Bildirilib ki, müsabiqənin beynəlxalq kateqoriyası üzrə rejissorlar Patrisio Martines və Fransisko Kantonun (Argentina) "Heç biri" filmi “Ən yaxşı bədii film” nominasiyasında qalib olub. “Ən yaxşı sənədli film” nominasiyası üzrə Nikita Lovetskinin (Qırğızıstan) “Qalina Petrovna”, "Ən yaxşı animasiya filmi" üzrə Vuk Palibrk və Tanja Brzakoviçin (Serbiya) “Fabuladakı canavar” filmləri qalib adını qazanıb. "Ən yaxşı bədii film rejissoru" nominasiyasında "Rəfiqəm" filmi ilə Kövsər Yunis (Misir), "Ən yaxşı sənədli film rejissoru” üzrə "Üç bacı" filmi ilə İman Behruzi (İran), "Ən yaxşı animasiya filmi rejissoru” nominasiyasında isə "Cadugər-pəri" ekran işi ilə Sedrik Ayqat, Devid ven de Ueyer (Belçika-Bolqarıstan) birinci olublar. “Ən yaxşı ssenari” nominasiyasında Yan Buynovskinin (Polşa) “Şeytan”, "Ən yaxşı montaj" üzrə Andrea Slaviçekin (Xorvatiya-İspaniya) "Dava haqqında əsl həqiqət" filmləri qalib gəliblər. Rejissor Manuel Omontenin (İspaniya) "Teruel ətrafında" filmi “münsiflər heyətinin xüsusi mükafatı”, Nəzrin Ağamalıyevanın (Azərbaycan) "Hədis", Bahau Liunun (Çin-ABŞ) "Raket start meydançasında olanda", Evrim İncinin (Türkiyə) "Divar", Ayal Adamovun (Rusiya) "Aykuo", Aycan Qasımbəyin "Bir az sevgi" filmləri isə “münsiflər heyətinin xüsusi qeydi” mükafatlarına layiq görülüb. Festivalın “Asiya istedadları” müsabiqəsi üzrə Əlirza Kazımpurun (İran) “Haçalanmış uclar” filmi “Ən yaxşı film” nominasiyasında qalib olub. “Ən yaxşı rejissor” nominasiyasında “Satıcının bir günü” filmi ilə Erinç Durlanık (Türkiyə), “Ən yaxşı ssenari” üzrə isə Ədalət Ömərovun (Qırğızıstan) “Toy mahnısı” filmi birinci yeri əldə edib. Yerli müsabiqənin “Ən yaxşı bədii film” nominasiyasında Səməd Ağayevin “Salam, İsa”, “Ən yaxşı sənədli film” üzrə Kürçaylı Məmmədovun “Sabahın xeyir, Sübh anası”, “Ən yaxşı sosial çarx” nominasiyasında Vüsal Həmdullayevin “Xocalı”, “Ən yaxşı tələbə filmi”ndə Məmmədəmin Əlizadənin “Pianist” filmləri qalib olublar. Elmar Bayramovun “Nəfəs” filmi “Ən yaxşı rejissor”, Şirin Əhmədov, Elmar Fərzəli isə “Qütb ulduzu” filmi ilə “Ən yaxşı ssenari” nominasiyasında qalib adını qazanıblar. “Cinemobil” nominasiyasında Hüseynağa Aslanovun “Saatsaz” filmi qalib olub. Türkiyəli rejissor Kasım Ördekin “Birlikdə, tək” filmi “Azərbaycanfilm” kinostudiyasının mükafatına layiq görülüb. Emil Nəcəfov Azərbaycan Prodüserlər Gildiyasının “Ən yaxşı prodüser” üzrə, Gülay Babayeva isə “Arxa cəbhə” filmi ilə münsiflər heyətinin diplomlarını qazanıblar.
RASİM OCAQOVUN 90 İLLİK YUBİLEYİ
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkilatçılığı, “Azərbaycanfilm” kinostudiyası və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin dəstəyi ilə Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli kinorejissoru, Xalq artisti Rasim Ocaqovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
MƏKTƏBLƏRDƏ FİLM NÜMAYİŞLƏRİ
Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkilatçılığı, “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə gənc nəslin milli-mədəni ruhda formalaşmasına töhfə vermək, habelə dövlət dəstəyi ilə istehsal olunmuş filmləri tamaşaçılara daha yaxından tanıtmaq məqsədilə ali məktəblərdə film nümayişləri keçirilib. Son illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Qırmızı bağ”, “Qisas almadan ölmə”, “Daxildəki ada” və “Olimpia” tammetrajlı bədii filmləri, “Sarılar - Qarabağ atının izi ilə”, “Biz”, “Dağ kəndinin qış günü”, “Qafqaza qayıdış” və digər filmlər ölkəmizin aparıcı tədris ocaqlarından olan ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Texniki Universitetində tələbələrə nümayiş etdirilib.
“CİNEMO” MOBİL FİLM FESTİVALI
Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan “Yaradıcı Həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “CINEMO” Mobil Film Festivalının keçirilib. Festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.
ÜNLÜ SEMİH KAPLANOĞLUNUN USTAD DƏRSLƏRİ
Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Kino Agentliyinin ssenari laboratoriyası nəzdində yaradılmış ssenarinin inkişaf proqramı çərçivəsində Film layihələri müsabiqəsinin inkişaf proqramına yönləndirilmiş ssenarilərlə bağlı Berlin Film Festivalının qalibi, tanınmış kinorejissor və ssenarist Semih Kaplanoğlu ilə müzakirələr aparılıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Kino Agentliyinin ssenari laboratoriyası nəzdində yaradılmış ssenarinin inkişaf proqramı çərçivəsində Bakıya dəvət olunmuş tanınmış Türkiyə kinorejissoru Semih Kaplanoğlu Dövlət Film Fondunun qonağı olub. Qonağa qurumun fəaliyyəti, filmlərin burada qorunub saxlanılması və bərpası haqqında ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkilatçılığı, “YARAT” Müasir İncəsənət Məkanının dəstəyi ilə kinorejissor, ssenarist və prodüser Semih Kaplanoğlunun "Bal" filminin nümayişi təşkil olunub. Daha sonra Semih Kaplanoğlu tərəfindən ustad dərsi keçirilib, müəllif izləyicilərin suallarını cavablayıb. Semih Kaplanoğlunun "Bal" filmi 2010-cu ildə Berlin Film Festivalının baş mükafatını qazanıb.
ŞAMİL MAHMUDBƏYOVUN QƏBİRÜSTÜ ABİDƏSİNİN YENİLƏNMƏSİ
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə 100 illik yubileyi ərəfəsində tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun baxımsız vəziyyətdə olan qəbirüstü abidəsi yenilənib. Şamil Mahmudbəyov “Şərikli çörək”, “Qaraca qız”, “Romeo mənim qonşumdur” və başqa filmlərin rejissorudur.
RÜSTƏM İBRAHİMBƏYOV VƏ TOFİQ TAĞIZADƏNİN MƏZARLARININ ZİYARƏTİ
Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun anadan olmasının 85-ci ildönümü münasibəti ilə Fəxri xiyabanda məzarı ziyarət olunub. ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu, nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri sənətkarın məzarı üzərinə tər çiçəklər düzüblər. Ssenari müəllifi kimi Azərbaycan SSR Dövlət mükafatına (1980, “Ad günü” filmi), SSRİ Dövlət mükafatına (1981, “İstintaq” filmi), dörd dəfə Rusiya Federasiyasının Dövlət mükafatına (1993 – “Urqa. Sevgi ərazisi”; 1996 – “Günəşdən usanmışlar”; 1998 – “Səhranın bəyaz günəşi”; 2000 – “Sibir bərbəri”) layiq görülüb. Bundan əlavə, kinorejissor Nikita Mixalkovun Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkdiyi “Urqa. Sevgi ərazisi” filmi Venesiya kinofestivalının “Qızıl şir”, “Günəşdən usanmışlar” filmi Amerika Kino Akademiyasının “Oskar” (“Ən yaxşı xarici film”) və Kann kinofestivalının “Jürinin xüsusi mükafatı”nı qazanıb.
Xalq artisti, kinorejissor Tofiq Tağızadənin isə 105 illik yubileyi münasibətilə məzarı ziyarət olunub. Tofiq Tağızadə quruluşçu rejissor kimi Azərbaycan kinosu tarixinə “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Bağ mövsümü”, “O dünyadan salam” və başqa məşhur ekran əsərlərini bəxş edib.
QALİB KİNO ŞİRKƏTLƏRİ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlunun sədrliyi ilə 2023-cü ildə keçirilmiş Film layihələri müsabiqəsinin qalib kino şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Qalib şirkətlərlə yeni hədəflərin müəyyən olunması, dövlət sifarişi ilə filmlərin istehsalı, Kino agentliyi və həmin şirkətlərlə istehsal prosesinin hüquqi tənzimlənməsi yolları müzakirə edilib. Kinoşünasların, kino tənqidçilərinin proseslərə cəlb olunması məqsədi ilə Kino Agentliyi nəzdində Analitik təhlil mərkəzinin yaradılması qərara alınmışdır. Mövcud vəziyyətin Agentliyin saytında, sosial şəbəkə hesablarında, həmçinin, elektron kinojurnallarda analizi, təhlili və onların yayımlanmasının vacibliyi vurğulanmışdır. Bədii şuranın üzvü, kinorejissor Elxan Cəfərov, kino tənqidçiləri Nadir Bədəlov və Nəriman Əbdülrəhmanlı, yazıçılar Varis Yolçuyev və Şərif Ağayar təkliflərlə çıxış ediblər, qalib şirkətlərlə istehsal proseslərinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
2022-Cİ İLDƏN QALMIŞ BORCLARIN ÖDƏNİLMƏSİ YÖNÜNDƏ FƏALİYYƏT
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” film layihələri müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi işləri müvafiq qaydada icrasına başlanılıb. Mədəniyyət nazirinin əmri ilə nazirliyin 2022-ci ildən qalmış borcu ilə bağlı Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən ödənilmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məktub göndərilib.
Bir sözlə, ARKA kinomuzun əvvəlki reputasiyasının bərpası və yeni hədəflərə çatması yönündə böyük işlər görməkdədir. Qurum vaxtaşırı bu sayaq hesabatlar verməklə görülən işləri ictimaiyyətə çatdıracaq.
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)