Orxan Fikrətoğlu: “Kino bizim üçün həm yumşaq siyasət, həm ideoloji həqiqət, həm sənətdir…” Featured

 

Özbəkistan Respublikası Kinematoqrafiya Agentliyi Azərbaycan Respublikası Kino Agentliyinin direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlunu “Kino fədaisi” medalı ilə mükafatlandırıb.

 

Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı Orxan Fikrətoğlunu təbrik edib və ondan ARKA-ya rəhbərlik etdiyi 4 ay ərzində gördüyü işlər barədə bilgi verməyi xahiş edib. 

-Orxan bəy, ARKA-ya rəhbərlik etdiyiniz 4 ay ərzində gördüyünüz işlər barədə bilgi verməyi sizdən xahiş edirik. 

-Bu 4 ayda az iş görməmişik. Ssenari lobaratoriyası yaratdıq. Dünya çaplı Türkiyəli  ssenarist və rejissor Semih Kaplanoğlunu lobaratoriyaya rəhbər təyin etdik. Özbəkistan və Türkiyə ilə 3 mövzu üzrə memorandum imzaladıq. Bu il 3 müştərək film çəkiləcək. Gənclərə heç zaman mövcud olmayan 16 film çəkmək şansını yaratdıq.

Müsabiqə qalibi olan 11 film fevralın sonu istehsalata buraxılır. Prodüsser kursları açdıq. 30-a yaxın yeni kadr yetişdiririk. 2022-ci ilin borclarını ödədik. Mərhum Şamil Mahmudbəyovun başdaşını bərpa etdik. Tələbə Gənclər festivalını təsis etdik. “Postprodakşn" dövründə olan bütün layihələrin müraciətini bu ildən dəyərləndiririk. Keçən il üç beynəlxalq festival keçirdik. Bu il isə artıq beş festival keçirməyi düşünürük. TÜRKSOY-la, TRT ilə sazişlər imzaladıq. Apelyasiya komissiyası yaratdıq. Ssenarilərin inkişaf proqramını təsis etdik. Prodüsser gildiyasını canlandırdıq. Özəl sektoru, prodüsser şirkətlərini stimullaşdırdıq. Akademik musiqi camiyyəsinə aid olan üç sənədli filmin qalasını keçirdik. Hadrut və Tağıyev layihələrini maliyyələşdirdik. Animasiya və qeym sektorunu şəkilləndirdik. ARKA -nın daxili strukturunu yenidən qurduq. Film istehsalını tam olaraq özəl sektora ötürdük. Qanunvericilikdə dəyişikliklərin olması üçün dövlət strukturları ilə işə başladıq. ARKA-nın bədii şurasını, seçim komissiyasını yaratdıq. Statistika saytını təsis etdik. Və sairə və ilaxir. 

-Həm də müəyyən maneçiliklərlə üzləşdiniz. 

-Bəli. Ən əsası, bizə qarşı olan açıq və gizli təzyiqlərə rəğmən mükəmməl və yeni vahid şəffaf kino idarəçiliyi modelini yaradırıq. Nəticələr də olacaq. İstehsal münasibətlərinin bərpası, milli məzmunlu universal ssenari axtarışı, istedadlı müəlliflərin tapılması, yetişdirilməsi və kino camiyəsinin sənayeləşməsi əlbəttə ki, bizdən zaman istəyir. Biz isə zamanın fövqündəyik. Və bunu bilirik. Milli kino bizim üçün peşədən daha böyük məna daşıyır. Kino bizim üçün həm yumşaq siyasətdir, həm ideoloji həqiqətdir. Həm sənətdir. Həm də həyat hekayələrimizin təşviqidir. Yeni və istedadlı mühit, şəffaf idarəçilik modeli ən yaxın bir zamanda öz  bəhrəsini verəcək. Mən buna inanıram.

-Sizə uğurlar!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.