Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Hazırda dünya kino industriyasında yalnız fantastika və savaş janrlarının gəlir gətirməsini ortaya qoyan kino tənqidçiləri dram janrının mövqelərini itirməsindən, art kinonun isə tam fiaskosundan dəm vururlar.
Bəs onda bu gətirəcəyimiz fakta necə don geydirmək olar?
Rus yazıçısı Mixail Bulqakovun eyniadlı romanı əsasında rejissor Mixail Lokşinin çəkdiyi “Ustad və Marqarita” filminin gəlirləri rekord həddə çatıb. Rusiya mənbələri xəbər verir ki, film 1,4 milyard rubldan çox gəlir əldə edib.
Dram janrında çəkilən ekran əsərində əsas rolları Yevgeni Tsıqanov, Yuliya Snigir və Avqust Diehl canlandırıblar.
Yeganə interpretasiya - fentezi çalarları ilə filmin zənginləşdirilməsi sayıla bilər.
“Ustad və Marqarita” cari il yanvarın 25-dən ekranlara çıxıb. Və çox qısa müddətdə triumf əldə edib. Nəzərə alın ki, “Ustad və Marqarita” roman olaraq da öz quruluşu və məzmunu cəhəti ilə xeyli mürəkkəbdir, geniş kütlə üçün əlçatan deyil. Onda roman əsasında çəkilən filmin belə kütləvilik qazanması təəccüb doğurur və insanların kino zövqünün heç də primitiv olmadığını sübut edir.
Xatırladaq ki, “Master və Marqarita” romanına buna qədər də müraciət olunub, 1972-ci ildə İtaliya və Yuqoslaviya kinematoqrafiyasının birgə istehsalı olan eyniadlı film də kifayət qədər uğur qazana bilib.
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)