Könül, “Ədəbiyyat və incəsənət”
Sizə dünən Nizami Kino Mərkəzində baş tutan bir film təqdimatı barədə danışacam. Bəli, yanvarın 29-da Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli balerinası, SSRİ Xalq artisti, professor Leyla Vəkilovanın 95 illiyi münasibətilə “Vəkilova” sənədli filminin təqdimat mərasimi keçirildi.
Ən çox sevdiyim mədəniyyət xadimlərindən olan Leyla Vəkilova barədə bildiklərim indiyə qədər yalnız ensiklopedik məlumatlar idi. Bu məlumatlatdan əxz etmişdim ki, Leyla Məhəd qızı Vəkilova Azərbaycanın milli balet sənətinin əfsanəvi və klassik dühalarından biridir, Azərbaycan SSR Xalq Artisti, SSRİ Xalq Artisti, xoreoqraf, professor, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri (1976–1982), Bakı Xoreoqrafiya Məktəbinin bədii rəhbəri, Lenin ordeni və "Şöhrət" ordeni ilə təltif olunmuş böyük şəxsiyyətdir.
Leyla xanım İlk dəfə klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin hərəkət zəifliyini hünərvər ustalıqla birləşdirə və onu öz ifasının estetik hüsnünə çevirə bilmişdir.
1927-ci il yanvar ayının 29-da Bakıda doğulan Leyla Vəkilova əslən Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir, məşhur Vəkilovlar siyadındandır, böyük Səməd Vurğunun nəsil şəcərəsindəndir, Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Opera və Balet Teatrının balet truppasına solist götürülüb.
1945–1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. Tezliklə o, repertuarın ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə başlayıb. Onun zəngin yaradıcılığının ən parlaq yaradıcılıq qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir.
İndi isə qayıdaq fiımin təqdimat mərasiminə.
Mərasimdə çıxış edən filmin müəllifi və quruluşçu rejissoru Əməkdar artist Samir Səmədov bu layihədə ona dəstək göstərən Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) minnətdarlığını bildirdi.
Ekran əsərinin 2 ay müddətində ərsəyə gəldiyini söyləyən rejissor vurğuladı ki, Leyla Vəkilova onun müəllimim olub. Leyla xanım müxtəlif illərdə A.Adamın “Jizel”, R.Qlierin “Qırmızı lalə”, P.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, L.Minkusun “Don Kixot”, A.Kreynin “Laurensiya”, B.Zeydmanın “Qızıl açar”, B.Asafyevin “Bağçasaray fəvvarəsi”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla”, S.Hacıbəyovun “Gülşən” və digər baletlərdə yaddaqalan obrazlar yaradıb. Sənətkar klassik balet elementləri və milli rəqs hərəkətlərimizi ustalıqla birləşdirərək uğurla təqdim edib. Yüksək səhnə mədəniyyəti, ifa texnikası onun yaradıcılığının başlıca xüsusiyyətlərindən olub.
Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu kinematoqrafçılar tərəfindən hazırlanan bu tip layihələrin reallaşmasını uzun müddətdir arzuladığını qeyd etdi. Filmin nümayişinin ardıcıl olaraq iki gün davam edəcəyini söyləyən yazıçı əsl kino sənətinin insanlara yüksək səviyyədə çatdırılmasından məmnunluq duyduğunu bildirdi.
Çıxışlardan sonra sənədli film nümayiş olundu. Və premyeraya gələnlərin gur alqışlarını qazandı.
Və biz, Leyla xanım barədə indi daha bilgiliyik.
Şəkildə: Fiımdən fraqment (qapaq fotosu), çıxış edirlər Samir Səmədov və Orxan Fikrətoğlu (iç fotolar).
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)