Könül, “Ədəbiyyat və incəsənət”
Öncələr bu teatrın adı Musiqili Komediya Teatrı idi. Bu sovet teatr quruluşunun sxmei idi. Yəni, musiqilidirsə, demək, komediya olmalıdır. Bəs niyə, tutalım dram musiqi qəlibinə sığmasın?
Müstəqillik dönəmində bu qüsur aradan qaldırıldı. Teatr indi Akademik Musiqili Teatr adlanır. Və bu gün, teatrın səhnəsində premyeradır. Amma bəri başdan deyək ki, uşaqların tamaşaya baxması yolverilməzdir, tamaşada 18+ qadağası var.
Hələ noyabr ayından məşqləri gedən bu tamaşa sadəcə sevgidən bəhs edir.
Beləliklə, bu gün saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında hazırlanmış "Qadınım" tamaşasının premyerası olacaq.
Tamaşaçıya musiqili lirik-psixoloji melodram kimi təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır. Tamaşanın süjet xəttinin əsasında sevgi və ehtiras dolu iki aşiqin öz hissləri uğrunda sona qədər mübarizəsi dayanır. Xoşbəxt sevgi hekayəsi, yoxsa növbəti fəlakət? Dərin fəlsəfi məna çalarları olan tamaşanı izləyənlər bunun şahidi olacaqlar...
Tamaşanın bədii rəhbəri Əliqismət Lalayevdir.
Türk retro musiqilərinin canlı ifa olunduğu "Qadınım"da teatrın gənc aktyorları Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet artistləri iştirak edirlər.
Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya aiddir. O, həm də aktrisa kimi çıxış edəcək.
Taatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterı Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur. Videogörüntüləri isə Murad Həsənov hazırlayıb.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.
Kollektiv sifarişlər də qəbul olunur.
Tamaşanın bəyəniləcəyinə əminik, çünki teatr premyeranın alınacağına əmindir.
“Ədəbiyyat və incəsənət”
(25.01.2024)