Könül, “Ədəbiyyat və incəsənət”
Tanınmış yazıçı, “Bu şəhərdə kimsə yoxdur” romanı ilə minlərlə oxucunun ürəyinə yol tapmış Rövşən Abdullaoğlu teleserial məkanımıza yeni nəfəs gətirir. Kriminal, adam oğurluğu, əxlaqsızlıq, narkomaniya - artıq hamını bezdirən bu telesürial mövzuları arxa plana keçir, yerinə milli-mənəvi dəyərlərin təbliği gəlir.
Rövşən Abdullaoğlunin ssenarisi əsasında “Bu şəhərdə kimsə yoxdur” serialının çəkilişlərinə başlanılıb. Yazara məxsus “Qədim qala” nəşriyyatının layihəsi artıq fevral ayından izləyicilərə təqdim olunmağa başlanacaq.
“Qədim qala”nin həmtəsisçisi Şöhlət İxtiyaroğlunun dediyinə görə, psixoloji dram və triller janrlarında olacaq filmin ssenarisi əsasən oxuculara artıq yaxşı tanış olan "Bu şəhərdə kimsə yoxdur" romanının və hələ çap olunmamış yeni bir romanın motivləri əsasında yazılıb. Romandan fərqli olaraq serialda cərəyan edən hadisələr Azərbaycan reallığına uyğunlaşdırılıb.
Filmin yaradıcıları deyir ki, onlar Ulu Öndər Heydər Əliyevin tövsiyələrinə əməl edib və “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik” sözlərindən ruhlanıblar. Belə ki, serialın çəkilməsində də əsas məqsəd Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin təbliği və gənc nəslin bu ruhda tərbiyə edilməsidir. Filmin ilkin mərhələdə 40 seriyada olması planlaşdırılır.
“Xəzər” TV-də yayımlanacaq ekran işinin baş prodüseri Amiran Babayev, quruluşçu rejissoru Rüfət Şahbazovdur. Əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Firdovsi Atakişiyev və Rasim Cəfər, aktyorlar İbrahim Çingiz, Əlibəy Məmmədli, Kamil Nazim, aktrisalar Zülfiyyə Qurbanova, Aydan Axundzadə, Ləman Mərrih və digərləri canlandıracaqlar.
Təbii ki, roman kimi teleserialın da seviləcəyi şübhə doğurmur.
Qapaq şəklində serialdan kadr, iç şəkildə isə çəkiliş meydançasından kadr görürsünüz.
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)