“Hinal qartalı”nın premyerası barədə qeydlərim

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Nizami Kino Mərkəzində Vətən müharibəsi şəhidi Ağacavad Mütəllimzadəyə həsr olunmuş, ssenari müəllifi Mehriban Sadıqova olan “Hinal qartalı" sənədli filminin təqdimatı keçirildi. Tədbirdə ictimaiyyət nümayəndələri, şəhid ailələri iştirak edirdi. 

 

Bildirildi ki, Vətənimiz uğrunda mübarizədə canlarından keçən oğullarımızdan biri də İkinci Qarabağ müharibəsi şəhidi Ağacavad Mütəllimzadədir. Sənədli filmin təqdimatının məhz Vətən müharibəsinin üçüncü ildönümü günlərinə təsadüf etməsini yüksək qiymətləndirən çıxışçılar bununla Ağacavad Mütəllimzadənin timsalında bütün şəhidlərin xatirəsinin yad olunduğunu qeyd etdilər, qəhrəman oğulların şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışdılar. 

Şəhidin anası Nailə xanımın sözlərinə görə, filmin bünovrəsi Nailə xanımın Ağacavadın könüllü olaraq döyüşə yollanmasını istəməməsi, atasının isə oğlunun arxasında dayanaraq "Oğul bu gün üçündür. Vətənin dar günündə vətən keşiyində dayanmayacaqsa, onda mən bu üç oğlu niyə böyütmüşəm?" fikirlərinin üzərində qurulub. 

Filmin ssenarisi Mehriban Sadıqova film haqqında bildirdi ki: “Bu filmin çəkilməsinə əsas təkan  Ağacavadın ailəsinin, məktəbinin, müəllimlərinin onun haqqında ətraflı danışmasından yaranıb”. Və qeyd etdi ki, bu film 3 il ərzində həm Ağacavadın doğulub- böyüdüyü Maştağa qəsəbəsində, həmçinin döyüşdüyü ərazilərdə, hətta Murovdağda belə çəkilib. 

Və sonda filmi yaradanlar Mədəniyyət və Müdafiə Nazirliklərinə filmin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə, təşəkkürünü bildirdilər. 

Həmçinin filmdə şəhidimizin doğulub -böyüdüyü Maştağa qəsəbəsinin qədim tarixi, əsrin əvvəllərində erməni daşnaklarının qarşısının alınmasında böyük rolu olduğu da vurğulandı.

Sonra "Hinal qartalı" filmi nümayiş olundu. Və təbii ki, bəyənildi.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.