PREMYERA: Akademik Musiqili Teatrda “Leyli və Məcnun” tamaşası gur alqışlarla qarşılandı

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Biz bu premyeranı gözəyirdik. “Leyli və Məcnun”a həmişə Opera və Balet Teatrında baxırdıq. Dünənsə fərqli teatrda və təbii ki, fərqli quruluşda baxdıq. 

 

Oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşanın premyerası baş tutdu. 

Dünyanı fəth edın bu klassik əsər fərqli təqdimatı ilə təkcə Musiqili Teatrın tarixində deyil, Azərbaycan teatr tarixində bir ilk oldu.

Tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçıları Əməkdar artist Elxan Mansurov, gənc ifaçılar Səxavət Məmmədov, Cahid Əlizadə, konsertmeysteri Fidan Əliyeva, rejissor assistentləri Prezident mükafatçısı Əmrah Dadaşov və Sevinc Məmmədovadır.

Leyli rolunda VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun rolunda isə respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi Orxan Hüseynli çıxış edirdi. 

Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev həm də Məcnunun ruhu obrazını canlandırırdı. Onun tərəf müqabili – Leylinin ruhu obrazının ifaçısı isə teatrın balet artisti İranə Kərimova idi. 

Tamaşada Əməkdar artist Nadir Xasiyev, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Əmrah Dadaşov, artistlər Gülnarə Abdullayeva, Təranə Əliyeva, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, Əli Kərimov, Murad Əliyev, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, eyni zamanda, teatrın xor və balet heyətinin üzvləri iştirak edirdilər.

Tamaşanı zaldan seyr edən tanınmış simaların - dramaturq Əli Əmirlinin və teatrşünas İlham Rəhimlinin təəssüratlarını sizlərə ayrıca çatdıracağıq. 

Qeyd edək ki, tamaşanın növbəti nümayişi noyabrın 18-də olacaq.

Xoş izləmələr, əziz teatrsevərlər.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.