Budur, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi, Azərbaycan Animasiya Assosiasiyası və “Peri Film” MMC-nin təşkilatçılığı ilə Bakıda beş gün davam edən 6-cı “Animafilm” Beynəlxalq Animasiya Festivalı nəhayət ki başa çatdı.
Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Çexiya və Fransanın ölkəmizdəki səfirlikləri, Azərbaycandakı Fransız İnstitutu, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı və digər qurumların tərəfdaşlığı ilə gerçəkləşən builki festivalın mövzusu “Qadın haqları” idi. Və dörd gün davam edən festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi Nizami Kino Mərkəzində keçirildi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Məsud Pənahi (Cənubi Azərbaycan), Kireet Khurana (Hindistan), Matthew Lyon (Kanada) və “Oskar” mükafatlı Maykl Dudok de Vit (Niderland, İngiltərə) kimi məşhur rejissor və animatorlar da qatılmış festivalda ümumilikdə uşaqlar və böyüklər üçün çəkilmiş 64 müxtəlif animasiya filmi nümayiş etdirildi.
Və festivalda filmləri beynəlxalq münsiflər heyəti – İzabel Favez (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana Çubinidze (Gürcüstan), Oqtay Yusibov (Azərbaycan, Finlandiya), Olivye Kateğin (Fransa) və Təhzib Kurana (Hindistan) kimi peşəkarlar dəyərləndirirdi.
İndi isə qalibləri elan edirik:
Festivalın beynəlxalq müsabiqəsinin “Ən yaxşı qısametrajlı animasiya filmi” – Qran-pri mükafatına çinli rejissor Lei Chenin “Müharibənin sonu” (The End of War) filmi layiq görüldü.
Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə honqkonqlu rejissorlar Step Cheung və Kai Chung Ngin “Hər bir yerdə” (Everywhere) filmi qalib adını qazandı.
Festivalın yerli müsabiqəsinin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə qalibinin adını Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu açıqladı. Mükafata rejissor Aleksandra Şirinovanın “Baharın oğurlanması” (Stolen Spring) filmi layiq görüldü.
Bu kateqoriya üzrə digər qalibin adı isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon tərəfindən açıqlandı. Mükafatı rejissor Rəvan Muradovun “Birdən ölsək” (The Half – If WeDie) filmi qazandı. Səfir bildirib ki, bu mükafatın qalibi ənənəvi olaraq Fransada dünyanın ən böyük animasiya layihəsi festivalı olan “Annecy” Beynəlxalq Animasiya Film Festivalına qatılmaq imkanı qazanıb.
"Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi" kateqoriyası üzrə rejissor Ayan Novruzlunun “Boş yerlər” (Empty Spaces) filmi qalib gəldi. Bu film həmçinin tamaşaçı seçimi müsabiqəsinin də qalibi oldu.
İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə həyata keçirilən “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı layihəsi üzrə rejissor Mehriban Əliyevanın “Züleyxa Seyidməmmədova” filmi birinci, rejissor Leyla Novruzovanın “Üzük” (Ring) filmi isə ikinci yerə layiq görüldü.
Bilet satışlarından əldə olunan gəlir məhz bu proqramın qaliblərinə dəstək məqsədilə ianə ediləcək.
Sonda festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və kreativ direktor Nəzrin Ağamalıyeva çıxış edərək festivalın bütün dəstəkçilərinə və heyətinə minnətdarlıqlarını bildirdilər.
“Ədəbiyyat və incəsənət”
(12.09.2023)