Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki vacib"
Kino sektoru, Kinematoqrafiya sadəcə insanların istirahət vaxtını xoş keçirməsi üçün əyləncə xarakterli deyil, bununla yanaşı eyni zamanda bəzən bir nümunə, örnək, öyrədici, təbliğat, təşviqat, etnoqrafiya xarakterləri də daşıyır.
Düşünürəm ki, hər bir xalqın mədəniyyəti və mədəniyyətin müxtəlif sahələrinə aid olan əsərləri özündə bir az həmin xalqın məişət və cəmiyyət həyatını, bir az milli ruhunu, bir az soykökünü, bir az dünyagörüşünü də ehtiva edir.
Necə ki, milli kinolarımızın mövzu və məzmununa diqqət yetirəndə görürük ki, müharibə, ( istər ön, istər arxa cəbhə) insanların məişət həyatı, soykökü, qəhrəmanlıq mövzularında çəkilmiş filmlərimiz üstünlük təşkil edir.
Biz milli kinolarımızda daha çox hər zaman ön cəbhələrdə cəsarətlə vuruşmuş Mehdi Hüseyzadə, Həzi Aslanov, İbad Hüseynov kimi qəhrəman, söhbət müharibədən, cəbhədəki əsgərlərdən gedəndə əlindəki varını-yoxunu cəbhəyə gedənlərə paylayan Cəbiş müəllim kimi insan, tək
başına evindən çıxıb cəbhəyə yollanan balaca Murad, məişət qayğıları ilə yanaşı kolxozlarda, çay və pambıq plantasiyalarında, fermalarda çalışan zəhmətkeş, həkimə ehtiyacı olan bir yaralıya tibbi yardım göstərmək üçün fırtınalı gecədə dağ döşünə qalxan fədakar Azərbaycan qadını kimu obrazlar izləyirik.
"Ə nə var e, Ələsgər, Ələsgər”
(Bəyin oğurlanması)
“Möhsün yaralanmışdır,
Bir bax, ürəyi qandır.
Doktor dedi ki, yalnız
Nazik ona dərmandır”.
"Qaytarın qoyunları"
(Ulduz)
"İkinizi də Allah öldürsün, səni də, Hitleri də!"
(Bizim Cəbiş müəllim)
"Söhbət sosiskada deyil e, “vnimatelni” olmaqdadır." (Uşaqlığın son gecəsi)
-kimi məzəli replikaları ilə könülləri oxşayıb, yaddaşlara əbədi həkk olunan milli kinolarımızla yanaşı, ən çox bəyəndiyim və məni ən çox təsirləndirən xarici kinofilmlərdən biri də 2008-ci ildə Budapeştdə Mark Hemanın rejissorluğu ilə İrlandiyalı yazıçı Con Boynun eyni adlı romanı əsasında çəkilmiş “Zolaqlı pijamalı oğlan” filmidir.
Filmdə 2-ci dünya müharibəsi zaman baş vermiş dramatik bir hadisədən bəhs olunur. Belə ki, 8 yaşlı Brunonun atasının yeni vəzifəyə təyin edilməsi ilə əlaqədər ailə başqa bir yerə köçməli olur.
Bruno almandır və atası Ralf yüksək rütbəli bir alman zabitidir. Berlindəki xoşbəxt həyatından və dostlarından ayrılmalı olduğu üçün məyus olan Bruno yeni yaşadıqları evin arxasında, yaxınlıqda yerləşən konsentrasiya düşərgəsini ferma, orada saxlanılan dustaqların fermer olduqlarını zənn edir. Lakin, bu fermerlər və onların uşaqları ona bir az qəribə görünür, çünki onlar zolaqlı pijama geyinirlər. Valideynlərindən bunun niyə belə olduğunu soruşduqda atası onların əslində tam olaraq gerçək bir insan olmadıqlarını deyir və Brunoya evin arxa tərəfinə getmək, ora yaxınlaşmaq, onlarla ünsiyyət qurmaq qadağan olunur. Bu yeni evdə Brunonun günləri çox sıxıcı keçir, bu səbəbdən də o, onun üçün yelləncək düzəltmələrini istəyir və yelləncəkdən fermanı izləməyə çalışdıqda yıxılıb dizini yaralayır. Onların evində quıluqçu olan qoca dustaq bunu gördükdə dərhal ona tibbi yardım göstərir və onlar tanış olurlar. Məlum olur ki, bu qoca dustaq Paveldir, o keçmişdə həkim olub. Brunonun qoca dustaqla olan ünsiyyətinə şahid olan Elza onu Paveldən uzaqlaşdırır və bir də onunla ünsiyyət qurmasına icazə vermir.
Bu arada Brunonun atasının əmri ilə evlərinə List adında bir müəllim gəlir və Bruno ilə özündən 4 yaş böyuk olan bacısı Qretelə nasizm ideyalarını təlqin etməyə çalışır. O bütün yəhudilərin almanları məhv etmək istədiklərini söyləyir. Qretel bu fikirləri qəbul edərkən, Bruno bu fikirlərə hər zaman şübhəylə yanaşır və onda bu fikirlərə qarşı suallar yaranır. Lakin yaxınlıqdakı düşərgə daim Buronunun diqqətini cəlb edir və o gizlicə həyətlərindən çıxaraq meşəlikdə oynayarkən düşərgəni əhatə edən tikanlı məftilləri görür. Orda baş verənləri daha yaxından görə bilmək üçün məftillərə yaxınlaşıraq, tək başına məftillərin arxasında oturmuş, özüylə yaşıd olan Şmul adlı yəhudi oğlanla tanış olur. Bruno daha sonralar gizli olaraq tez-tez onunla görüşür və hətda Şmul ac olduğunu və yemək istədiyini dediyi üçün ona şokalad da aparır.
Bir gün Elza konsentrasiya düşərgəsinin yaxınlığında yanan sobalarda dustaqların yandığırıldığını öyrənir və dəhşətə gəlir. Və buna görə əri Ralfla aralarında mübahisə yaranır lakin, əri fikrindən dönmür.
Həmin gün Ralfın atası onlara qonaq gəlir, amma Ralfın anası da oğlunun gördüyü bu işi qəbul etmədiyi üçün, xəstə olduğunu bəhanə gətirərək oğlu ilə görüşə gəlməkdən imtina edir.
Yemək zamanı məlum olur ki, Ralfın tabeçiliyində çalışan və eyni zamanda onun evində yaşayan leytenant Kotlerin atası da nasistlərin siyasəti ilə razı deyil və bu səbəbdən Almaniyadan İsveçrəyə köçüb. İşə daxil olduğu anda bu halı gizlədən Kotleri buna görə cəza gözləyir. Yemək zamanı onlara xidmət göstərən Pavel yalnışlıqla çaxırı süfrəyə dağıtdıqda Kotler dustağı vəhşicəsinə döyərək acığını ondan çıxır və o hadisədən sonra bir də Paveli görən olmur, ehtimal ki, Kotler onu döyərək öldürür.
Günlərin birində Bruno evlərində stəkan silən
Şmulu görür və ac olduğu üçün ona pirojna təklif edir. Şmul pirojnanı yeyərkən Kotler gəlib bunu görür və onu yemək oğurlamaqda ittiham edir. Şmul yeməyi oğurlamadığını, bunu ona Brunonun verdiyini dedikdə Kotler bu dəfə Brunonun üstünə düşür. Qorxusundan əvvəl buna inkar edən Bruno daha sonra buna peşman olaraq tikanlı məftillərin yanına dostuyla görüşməyə gedərək Şmulun vəhşicəsinə döyüldüyünü görərək ondan üzr istəyir. Ralf bir bombalanma nəticəsində anasının həyatını itirməsi xəbərini alır və ailə cənazədə iştirak edir.
Övladlarının günahsız insanların yandırıldığı düşərgənin yaxınlığında yaşamağını istəməyən Elza uzun mübahisələrdən sonra nəhayət istəyinə nail olur və Rulf onunla uşaqların Heydelberqə köçməsinə razılıq verir
Dostuyla bir sonrakı görüşündə ona bu xəbəri vermək istəyən Bruno Şmulun məyus oldugunu görür. Şmul atasının hansısa bir iş üçün bir neçə başqa adamla harasa getdiyini və bir daha dönmədiklərini söyləyir. Bruno itkin düşmüş atasını tapmaqda Şmula kömək etmək üçün məftillərin dibini qazaraq düşərgəyə girir. Şmul ona dustaqların geyindiyi köhnə bir pijama tapıb gətirir və Bruno pijamanı geyinərək Şmulla birlikdə onun atasını axtarmağa başlayır.
Lakin bir qədər sonra Bruno və Şmulun da daxil olduğu bir qrup insanı qaz kamerasına salaraq elan edirlər ki, indi onları çimizdirəcəklər.
Bu zaman Brunonun yoxa çıxdığını görən Elza və Rulf onu axtarmağa başlayır və konsentrasiya düşərgəsinə qədər gəlib çıxırlar. Lakin artıq gec olur. Bruno Şmul və digər məhbuslar kimi qaz kamerasında boğularaq ölür.
Bəli, bəzən bir insanın sırf irqinə, milliyyətinə, rənginə, dininə görə başqa insanlara və ya ümumilikdə başqa bir xalqa qarşı duyduğu əsassız ön yarğı və kin, sərgilədiyi düşmənçilik və apardığı ədalətsiz və vicdana sığmayan müharibə və ya mübarizə yolları sonda elə o insanın özünün ən sevdiklərinin, doğmalarının həyatının məhv olması və ya bu filmdə olduğu kimi faciəvi şəkildə ölümü ilə nəticələnir.
Kim bilir, bəlkə də elə həyat onun yalnışının, yersiz kininin və vicdansız davranışının bədəlini onun ən sevdiklərinə ödətməklə ona bir dərs vermək istəyir. Və bu dərsin müqabilində də yenə günahsız insanların həyatı məhv olur, hətda bu, onların ölümünə belə gətirib çıxara bilir.
Bəli əziz oxucu nə ağın qaradan nə, və nədə qaranın ağdan heç bir üstünlüyünün olmadığı bu qoca dünyada biz bəlkə gələcəkdə etiqad edəcəyimiz dini, yaşayacağımız yeri özümüz seçə bilərik, amma biz irqimizi, rəngimizi milliyyətimizi, harda və necə bir mühitdə doğulacağımızı özümüz seçə bilmirik.
Məhz elə buna görə də bu səbəblərdən ötrü yarğılanan insanlara qarşı ön yarqılı olmayıb, almanların yəhudiləri konsentrasya düşərgəsində həbs etdiyi kimcəmiyyətin də bizi həbs etdiyi irq, rəng və s. kimi qəlibləri sındırıb çıxaraq kimliyimizi və hansı işin yiyəsi olduğumuzu özümüz seçək.
“Ədəbiyyat və incəsənət”
(01.09.2023)