1992-ci il Ermənistan silahlı qüvvələrinin işğalından sonra Dizaq mahalının mərkəzi olan Xocavənd rayonunun Tuğ kəndi ermənilər üçün mühüm əhəmiyyət kəsb edən ərazi hesab olunurdu. İşğal dövrü müntəzəm olaraq Tuğ kəndində ermənilər tərəfindən arxeoloji qazıntılar aparılırdı. Tuğun orta əsr tarix və mədəniyyət abidələri üzərində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən ov və məişət əşyaları İrəvan şəhərinə daşınıb aparılırdı. Azərbaycanın tarixi və mədəniyyəti üçün mühüm əhəmiyyət daşıyan bu eksponatların Ermənistana daşınması oğurluqdur və bu, cinayət hadisəsi kimi qiymətləndirilməlidir.
AzərTAC xəbər verir ki, bu barədə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun Tuğ kəndinin ermənilər tərəfindən təhrif edilən abidələri ilə bağlı yazısında qeyd olunub.
Yazıda bildirilir ki, ermənilər tərəfindən oğurlanan eksponatlar içərisində 1737-ci ilə aid iyirmi sətirlik kitabə Azərbaycan tarixi üçün xüsusi dəyərə malikdir və bu kitabə mütləq geri qaytarılmalıdır. Gələcəkdə Tuğ kəndinin bərpası, xüsusilə Dizaq məliklərinin saray kompleksləri kəndi turistlər üçün ən cəlbedici görməli yerlərdən birinə çevirəcəkdir.
Qədim qəbiristanlıq: Abidə Xocavənd rayonunun Tuğ kəndi ərazisində yerləşir. Qəbiristanlığın uzunluğu 100 metr, eni 50 metrdir. Abidə Ermənistan silahlı qüvvələrinin işğalı dövrü öz mövcudluğunu qoruyub saxlayıb.
Məlikliyin sarayı: Dizak məlikliyinin ikimərtəbəli sarayının maraqlı memarlıq ansamblı olmasını hətta binanın xarabalıqlarından da hiss etmək olur. Kompleks, Tuğun mərkəzi hissəsində yerləşir və düzbucaqlı konfiqurasiyaya malikdir. Sarayın şimal və cənub-şərq hissələrinin parametrlərindən kənara çıxan, qala divarlarının və digər tikililərin qalın divarlarının izləri görünür. Bu da göründüyü kimi, bu sarayın yerində, eləcə də onun ətrafında daha əvvəlki dövrlərə aid tikililərin olduğunu göstərir.
Hələ orta əsrlərdə Tuğ kəndinin özünəməxsus memarlıq-bədii ifadəlilik və yeni formalara görə bütün saray ansamblı və digər yaşayış evləri tədricən formalaşmağa başladı. Bunu kənddə aşkar edilən o dövrlərin epiqrafik yazıları da sübut edir. Tuğ kəndində yeni bədii memarlıq kompozisiyalarının yaranması Qarabağ xanlığı dövründə xüsusilə inkişaf edib.
Dizaq məlikliyinin sarayı olduqca maraqlı memarlıq quruluşuna və kompozisiyaya malikdir. Məlikliyin ikimərtəbəli qəbul otağı sarayın cənub divarlarından təxminən 25 metr aralıda yerləşir. Saray işğal dövrü ermənilər tərəfindən dağıdılsa da, xoşbəxtlikdən orijinal görkəmini qismən qoruyub saxlaya bilib. Sarayın yaşayış kompleksinin kiçik ölçülü, tağlı tavanı və ön tərəfdə tağlı iki girişi var.
Şəhər qalıqları: Abidə 2010-cu ildə Ermənistan silahlı qüvvələrinin işğalı dövrü ermənilər tərəfindən aparılan qeyri-qanuni arxeoloji qazıntılar zamanı aşkar edilib. Aşkarlanan divar qalıqları yaxşı vəziyyətdə olub.
Sovmə: Abidə Xocavənd rayonunun Tuğ kəndi yaxınlığında dağın zirvəsində yerləşir. Binanın uzunluğu 7,5, eni 4,5, hündürlüyü isə 3 metrdir. Giriş şimal-qərb tərəfdəndir. Qapının yuxarısında kiçik pəncərəsi var. Abidə Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən xüsusi qəddarlıqla dağıdılıb. Hazırda xarabalığı qalır.
Su anbarı: Abidə Xocavənd rayonunun Tuğ kəndi ərazisində yerləşir. Su anbarının uzunluğu 2,9, eni 2,3, hündürlüyü isə 2 metrdir. Anbarın tikilməsində məqsəd kənd əhalisinin suya olan ehtiyacını qarşılamaq idi. Diametri 12 santimetr olan boru ilə kənardan anbara su gətirilirmiş. Bu cür su anbarları Qarabağın inzibati yaşayış məntəqələrinin əksəriyyətində mövcud olub. Anbarın XII-XIII əsrlərdə tikildiyi ehtimal olunur. Abidə Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən partladılıb.
Məbəd: Abidə Xocavənd rayonunun Tuğ kəndinin mərkəzində yerli pud daşlar və əhəng məhlulu ilə Alban memarlığı üslubunda inşa edilib. Abidənin erməni mənbələrində tikilmə tarixi 1736-cı il göstərilsə də binanın memarlıq quruluşu onun XIII əsrdə tikildiyi ehtimalını yaradır. Məbəd müxtəlif dövrlərdə bir neçə dəfə bərpa edildiyindən dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatıb. Abidənin ümumi xüsusiyyətlərinə və memarlıq quruluşuna görə binanın planı və məkan tərkibi ilə erkən bazilikalara aid olma ehtimalı daha çoxdur. Bu baxımdan Məbəd xüsusi tarixi və memarlıq baxımından maraq doğurur.
Abidə indiyə qədər əsaslı şəkildə tədqiq olunmasa da, ümumi görünüşü onun dini xarakterli tikinti olmadığı barədə fikir deməyə əsas verir. Ermənistan silahlı qüvvələrinin işğalından sonra ermənilər tərəfindən ciddi müdaxilə edilərək öz orijinal görkəmindən məhrum edilib. Belə ki, ermənilər işğal dövrü abidənin tikinti quruluşunu dəyişərək, abidəni erməni kilsəsi kimi təqdim etməyə başladılar. Bu hadisə beynəlxalq hüquqa görə vandalizm aktı kimi dəyərləndirilə bilər.
Ermənilər 2018-ci ildə abidənin qarşı tərəfini ot və tullantılardan təmizlədilər və orada böyük çalalar qazılaraq ora qəbir daşları yerləşdirdilər. Onlar bu fəaliyyətləri ilə insanların şüurunda belə bir anlam yaratmaq istəyirlər ki, guya bu abidə bir zamanlar hansısa müqəddəslərin yaşayış və ibadət yeri olub. Tarixi mənbələrdə göstərilir ki, Qarabağ xanlığı dövründə Dizaq mahalının mərkəzi Tuğ kəndi idi. Dizaq mahalını məliklər idarə edirdilər, onlar mahalın mərkəzi Tuğ kəndində əyləşirdilər. Əslində bu abidə kompleksi məliklərin inzibati idarə binalarından biri idi. Abidənin ön tərəfinin yuxarı hissəsindən divar deşilərək üç yerdə oyuqlar düzəldilib. Ümumiyyətlə, abidə kompleksi bütünlüklə öz orijinal görüntüsündən məhrum edilərək müasirləşdirilib.
Yaşayış yeri qalıqları: Abidə Xocavənd rayonunun Tuğ kəndi ərazisində aşkar edilib. Qırmızı kərpicdən tikilmiş bu abidə hazırda uçurdulmuş vəziyyətdədir. Yaşayış yerinin xarabalığında 70-80 metr divar qalıqları və 3 metr uzunluğu, 1,5 metr eni və 1 metr hündürlüyü olan zirzəmi də salamat qalıb.
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)