Yay düşərgəsində uşaq incəsənət festivalı iştirakçıları həvəslə çalışmaqdadırlar

 

Xəbər verdiyimiz kimi, ölkəmizdə möhtəşəm Uşaq İncəsənət Festivalı keçirilir və hazırda festivalın ikinci – regional mərhələsi başlanıb.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən festivalın regional mərhələsi ölkəmizin 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festival çərçivəsində iyulun 7-də Göygöl Milli Parkının ərazisində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarından 6 nominasiya üzrə ikinci mərhələyə vəsiqə qazanan 60 nəfər uşaq üçün yay düşərgəsi təşkil edilib. 

Düşərgənin keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, festival iştirakçıları arasında şəbəkələşmənin təmin edilməsi, onların yay tətillərini daha maraqlı və səmərəli keçirmələrinə şərait yaratmaqdır.

Düşərgə müddətində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar (futbol, həndbol, estafet oyunları və s.) keçirilib. Əməkdar artist, tarzən Səbuhi Cəfərov, Əməkdar mədəniyyət işçisi, aşıq Samirə Əliyeva, Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov, rəssam Yusif Mirzə, qiraətçi Hüseynağa Aslanov və rəqqasə Tamilla Əliyeva tərəfindən ustad dərsləri təşkil edilib.

Günün sonunda isə uşaqlar ocaq ətrafında toplaşaraq öz istedadlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, üç turdan ibarət, 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək iştirakçı müraciət edib. Peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edib. II mərhələ iyul-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsinə iştirak hüququ əldə edəcəklər.

Final mərhələsinin sentyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulur. Finalın yeri, tarixi və vaxtı festivalın uif.az portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq.

Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.