Bəstəkarlar İttifaqında “Ulu Öndər Heydər Əliyev və Qara Qarayev məktəbi” adlı tədbir keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Heydər Əliyev–100” tədbirlər silsiləsi çərçivəsində “Ulu Öndər Heydər Əliyev və Qara Qarayev məktəbi” adlı tədbir keçirilib. 

 

ABİ-dən verilən məlumata görə, tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 və Qara Qarayevin 105 illiyinə həsr edilib. 

Əvvəlcə Xalq artisti, ABİ-nin sədri Firəngiz Əlizadə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinə göstərdiyi qayğı və diqqətdən söhbət açıb. Bildirib ki, Qara Qarayev bəstəkar və müəllim kimi Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr verib. 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı mövzu ilə bağlı çıxış edərək Qara Qarayev məktəbinin yetirmələrinin Azərbaycan musiqi mədəniyyətində mövqeyini də xüsusi vurğulayıb. O, bu cür tədbirin keçirilməsinin Ümummilli Liderin musiqi mədəniyyətimizə göstərdiyi qayğının yüksək təzahürü kimi şərh edib. 

Tədbirdə Səadət Təhmirazqızının baş redaktoru olduğu “Musiqi aləmində” jurnalının Q.Qarayevə həsr olunan nömrəsi də təqdim olunub.

Sonra çıxış edən Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırova tədbirin iştirakçılarına və təşkilatçılara öz təşəkkürünü bildirib.

Bədii hissədə Bakı şəhər Q.Qarayev adına 8 nömrəli 11 illik İncəsənət məktəbinin və Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi məktəbinin şagirdlərinin ifasında görkəmli bəstəkarın əsərləri səsləndirilib. Eyni zamanda Q.Qarayevin yetirmələri- Xalq artistləri Firəngiz Əlizadə, Tofik Bakıxanov və Azər Dadaşovun Heydər Əliyevə həsr olunan əsərləri təqdim olunub. 

Qeyd edək ki, tədbir Azərbaycan Bəstəkarlar İttifaqı və Qara Qarayevin ev-muzeyi ilə birgə təşkil olunub. 

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.