Göygöl rayonunda bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baxış keçirilib

Mədəniyyət Nazirliyi tərəfindən regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, bədii təhsil ocaqlarının iş şəraiti, göstərilən xidmətlərin keyfiyyəti, eləcə də qurumların yerləşdiyi binaların cari vəziyyəti, maddi-texniki imkanları mütəmadi təhlil edilir, problemlərin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır.

 

Mədəniyyət naziri Adil Kərimli Gəncə bölgəsinə səfəri çərçivəsində Göygöl rayonunda da olub, bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baş çəkib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir vaxtilə Göygöl (keçmiş Helenendorf) şəhərində yaşamış alman icmasının son nümayəndəsi Viktor Klaynın evi və Alman lüteran kilsəsi ilə tanış olub. 

Məlumat verilib ki, Prezident İlham Əliyev 2016-cı il avqustun 30-da “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Viktor Klaynın evi muzeyə çevrilib. V.Klayn 1935-ci ildə Helenendorfda anadan olub və 2007-ci ildə burada vəfat edib. 

1854-cü ildə alman icması tərəfindən inşa edilən Helenendorf (Göygöl) lüteran kilsəsində (kirxa) uzun müddət dini mərasimlər icra edilib. II Dünya müharibəsi zamanı almanların bu yerlərdən köçürülməsindən sonra bina uzun müddət müxtəlif məqsədlər üçün istifadə olunub. Hazırda Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyi bu kirxada fəaliyyət göstərir.

Adil Kərimli daha sonra Göygöl rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Göygöl rayon Mədəniyyət Mərkəzi, katakombalar (tarixi yeraltı şəhər), Aşıq Şəmşir adına Uşaq musiqi məktəbi və Göygöl Rayon Polis Şöbəsinin keçmiş binasına (hazırda Mədəniyyət Nazirliyinin balansındadır) baxış keçirib.

Abidə və müəssisələrə baxış zamanı fəaliyyətin canlandırılması, mövcud imkanlardan daha səmərəli istifadə olunması, tarixi tikililərin mühafizəsinin müasir tələblərə uyğun şəkildə təmin edilməsi ilə bağlı tapşırılar verilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.