Parisdə Luvr, Nyu-Yorkda Metropoliten, Sankt-Peterburqda Ermitaj, İstanbulda Topqapı… Yəqin duydunuz, söhbət muzeylərdən gedir.
Bu gün muzeylərdən danışmaq lap yerinə düşür. Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü - International Museum Day kimi qeyd edilir. Bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər, Dayanıqlılıq və Rifah” mövzusuna həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Beynəlxalq Muzeylər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” günü elan olunur.
Beləliklə, vətəndaşlar və ölkəmizin qonaqları bu gün ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.
Amma tək bu yox.
Beynəlxalq Muzeylər Günü ilə bağlı bu il də paytaxtdakı aparıcı muzeylərdə, eləcə də ölkə üzrə muzey müəssisələrində bir sıra tədbirlər təşkil edilib.
Mayın 18-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Günü çərçivəsində “Qorunan təbiət” multimedia layihəsinin təqdimatı təşkil olunacaq.
Beynəlxalq Muzeylər Gününün builki devizinə uyğun olaraq tərtib edilən layihə ekologiya, yeni incəsənət və kurator təcrübələri, ekoloji sənətkarlıq, həmçinin tekstil sənayesi ilə bağlı qeyri-adi muzey proqramını əks etdirir. Layihə BMT-nin 2030-cu ilə qədər davamlı inkişaf məqsədlərini dəstəkləyərək modanın və ənənəvi qadın sənətlərinin təbliğinə yönəlib.
“Qorunan təbiət” multimedia layihəsi çərçivəsində İsveçin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə təqdim olunan “Dayanıqlı moda” multimedia layihəsində iki rəssam – isveçli Lyudmila Kristeseva və azərbaycanlı Günel Ravilova multimedia dialoqu yaradaraq, modanı, tekstili və ekologiyanı öz yaradıcılıqlarının prizması ilə incələyib, cinsiyyət, identiklik, həmçinin bunun müxtəlif mədəniyyətlərdə təsviri ilə bağlı mövzuları araşdırırlar.
Azərbaycan Milli Xalça Muzeyi əlamətdar günü bir neçə tədbirlə qeyd edir. Tədbirlər Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə keçirilir.
Mayın 16-da muzeydə 10 yaşdan yuxarı uşaqlar üçün “Mənim dünyam” adlı art terapiya təlimi keçirilib. Uşaqların özünü rahat və azad formada ifadə etməsinə, onların gizlin saxladıqları duyğularının üzə çıxarılmasına şərait yaradan təlim Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Pərvin Müslümzadə tərəfindən təqdim olunub. “Çələbi” otağında təşkil olunan art terapiyaya qatılan uşaqlara təşəkkürnamələr verilib.
Mayın 17-də gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək məqsədilə İqlim Dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova tərəfindən mühazirə keçiriləcək.
Mayın 18-də isə muzeyin balaca dostları üçün 132-134 nömrəli təhsil kompleksi şagirdlərinin ifasında “Təbiətin səsi sən ol!” adlı interaktiv tamaşa göstəriləcək. Yerüstü ekosistemin mühafizəsi mövzusunda hazırlanan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art obyektin nümayişi ilə bitəcək.
Mayın 16-da Azərbaycan İstiqlal Muzeyində “Heydər Əliyev və Azərbaycan muzeyşünaslığı” adlı elmi-praktik konfrans keçirilib. “Ümummilli lider Heydər Əliyev xatirələrdə” adlı layihə çərçivəsində təşkil olunan konfransda Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva və başqaları çıxış ediblər.
Mayın 18-də isə muzeydə Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə konsert proqramı təşkil ediləcək. Elm və Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi, Cəbrayıl rayon 7 nömrəli tam orta məktəbi, rayon və Mahmudlu kənd uşaq musiqi məktəblərinin şagirdləri çıxış edəcəklər.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Bülbülün Memorial Muzeyinin birgə təşkilatçılığı ilə “Təbiətin musiqisi” adlı tədbir keçiriləcək.
Çıxışlardan sonra Qədim musiqi lətləri ansamblı (bədii rəhbər və konsertmeyster – Xalq artisti Munis Şərifov), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri tərəfindən “Təbiətin musiqisi” adlı konsert proqramı təqdim olunacaq.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə “Bir günəşin altında!” adlı tədbir keçiriləcək. Mayın 18-də gerçəkləşəcək tədbirdə Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqların əl işləri və rəsm əsərlərinin sərgisi təşkil olunacaq. Tədbir çərçivəsində musiqili proqram təqdim ediləcək.
Milli Azərbaycan Tarixi Muzeyində əlamətdar gündə “Qlobal sağlamlıq və xoş rifah” şüarı altında fiziki məhdudiyyəti olan şəxslər üçün beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarovanın iştirakı ilə şahmat seansı keçiriləcək.
Bir sözlə, əlamətdar gün yetərincə rəngarəng qeyd olunacaq.
Şəkillərdə: Milli Xalça Muzeyinin Şuşa filialının binası; Azərbaycan prezidenti İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva və prezident köməkçisi Anar Ələkbərov filialın eksponatları arasında; Milli Xalça Muzeyinin əlamətdar günlə bağlı tədbirlər afişası.
“Ədəbiyyat və incəsənət”
(18.05.2023)