Memarlıqla, milli mədəni irsimizin qorunmasıyla bağlı ən həssas məqamlara toxunan Baku TV-nin növbəti süjetində Balakəndə yerləşən, inşa tarixi V-IX əsrlərə aid olan erkən xristian məbədinin baxımsız vəziyyəti barədə idi. Süjetə baxdıq və ürək ağrısı keçirdik.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məbəd Gürcüstanla sərhəddə, Poçtbinə kəndi ərazisində yerləşir. Düzbucaqlı formalı, zəng qülləsi olmayan, tək girişli məbədin uzunluğu 7, eni isə 5 metrdir.
Məbəd ciddi erroziyaya uğrasa da, günümüzə qədər gəlib çıxıb.
Baku TV-nin sözügedən məbəddən hazırladığı süjetdə tarixçi alim Akif Məmmədli qeyd edir ki, məbədin qapı və pəncərəsi çox alçaqa 40-50 sm hündürlükdə yerləşir, demək məbədin ən azı 2 metri yerin altında qalıb.
Üst örtüyü tam dağıdılan məbədin ən yaralı yeri heç də bu deyil. Hər bir tarixi abidənin onun hansə mədəniyyətə mənsub olmasını bildirən portal daşı olur. Mənsubiyyət bildirən portal daşları bu məbəddən götürülüb.
Akif Məmmədli qeyd edir ki, bu işin bədxah Qərb qonşularımız tərəfindən həyata keçirilməsi güman edilir. Amma bir həqiqət var, sən öz malına sahib çıxmırsansa onunla yadlar istədikləri kimi rəftar edəcəklər.
Süjetdə deyilənlərə onu əlavə edək ki, Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Agentliyi məsələyə münasibət bildirib. Agentlik qeyd edib ki, məbədlə bağlı hazırda moniyorinq aparılır.
Tariximizi birlikdə qorumalıyıq.
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)