Haqq qismən də olsa öz yerini tutdu: Gəncədə istiqlal şairi Əhməd Cavadın barelyefi açıldı Featured


Gəncədə istiqlal şairi, Azərbaycan himninin sözlərinin müəllifi Əhməd Cavadın barelyefinin açılışı olub. Barelyef şəhərin Heydər Əliyev prospektində, şairin yaşadığı binanın fasadında həkk edilib. Buna kimi o boyda şairdən yeganə yadigar yaşadığı binaya vurulmuş xatirə lövhəsi idi ki, onu da 2017-ci ildə təmir zamanı söküb atmışdılar.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təntənəli açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şairin nəticəsi Cavad Axundzadə, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti nümayəndələri  iştirak ediblər. Çıxışçılar Azərbaycan poeziyasında Əhməd Cavadın rolunu qiymətləndiriblər, onun vətəndaş poeziyasını vəsf ediblər. Xüsusən şairin müəllifi olduğu “Gəncəm, Hey!..” şeiri və ona bəstələnən mahnı səsləndiriləndə heç kəs bu qürurverici anlara biganə qala bilməyib.
Xatırladaq ki, Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndində  ruhani ailəsində dünyaya gəlib. Atası Məmmədəli axund olub. Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Gəncə xanı Cavadxan axund Məmmədəlinin atası ilə yaxın idi və ailədə həmişə onun haqqında xoş söhbətlər gedərdi. Elə bu hörmət və ehtiramın əlaməti kimi Axund Məmmədəli oğlunun adını Cavad qoyub. Atasının vəfatından sonra Əhməd Cavad anası ilə bərabər 1906-cı ildə Gəncəyə köçüb. Onun bu şəhərə olan bağlılığı, saf sevgisi demək olar ki, əksər şeirlərində əks olunub. Məşhur mahnı var, “Gəncədən gəlirəm, yüküm xurmadı”, onu kim eşitməyib ki. O mahnının sözləri də Əhməd Cavadındır.
Şairin Cümhuriyyət dönəmindəki fəaliyyəti, qatı millətçi və türkçü olması, işğalçı bolşevik rejimini qəbul etməməsi onu qırmızı terrora yem edib. Repressiya qurbanı olan Əhməd Cavad 1937-ci il iyun ayının 4-də həbs edilib, həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda vəhşicəsinə güllələnib.
Nəhayət ki böyük Əhməd Cavadın xatirəsi əbədiləşdirildi. Təbii, bu alqışlanası hadisədir. İnsan buna sevinməyə bilməz. Amma həm də fəəssüflənirsən ki, Şaumyanlara abidə qoyan Sovet hakimiyyəti millətçi-istiqlalçı Əhməd Cavadlara düşmən kəsilmişdi, bu bəllidir. Amma Azərbaycan himninin müəllifinə müstəqil Azərbaycanda yalnız müstəqilliyin 30-cu ilində abidə də yox, barelyef qoyulması həm də təəssüfləndirici dərəcədə düşündürücüdür.

Sonda istərdik oxucularımıza Əhməd Cavadın bir şeirini təqdim edək. Bu şeiri şair Bakı bolşeviklər tərəfindən işğal ediləndən, Cümhuriyyət devriləndən cəmi bir neçə gün sonra - 1920-ci ilin 3 mayında Dərbənddə yazıb. İlk baxışda sevgi şeiridir, şairin sevgilisinə ithaf olunub. Müdhiş ayrılıqdan bəhs edir. Əslində isə şairin sevgilisi bir fərd deyil, qəlbi param-parça olmuş, yağı tapdağı altına düşmüş Azərbaycandır.

NƏ YAZIM
Nə yazım, ayrılıq nədir bilməzsən,
Nələr çəkdiyimi çəkənlər bilər.
Nə deyim, söz varmı dərdimə ölçü,
Sənsiz göz yaşları tökənlər bilər!

Sənsiz nədir Günəş, nədir qaranlıq?
Nədir günahımız biz ayrı qaldıq?
Işıqsız bir dünya yaşarmı artıq?
Gözünə qaranlıq çökənlər bilər!

Bəlkə sən anmadın mənim adımı?!
Bilməm xatirində yerim qaldımı?
Mən bir çiçək quşu – pozmam andımı,
Güllər bilməsə də, tikanlar bilər!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.