Biləsuvarda mədəniyyət müəssisələrinin vəziyyəti necədir? Featured

MƏDƏNİYYƏT NAZİRİ VƏZİFƏSİNİ İCRA EDƏN ADİL KƏRİMLİNİN BİLƏSUVARA SƏFƏRİNİN TƏFƏRRÜATLARI

 

Əlbəttə ki, bu verilən suala ən yaxşı cavab Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimlinin bu rayona olan işgüzar səfərinin nəticələridir. 

 

“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Adil Kərimli öncə Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib. 

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Biləsuvar şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilib, mərkəzdə yaradılan şəraitlə tanışlıq olub. 

Qəbulda Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından ümumilikdə 48 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, fəxri adın verilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflərdən ibarət olub. 

Görüşdə hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılması, diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib. 

Qaldırılan məsələlərə vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq xüsusi nəzarətə götürülüb.

Mədəniyyət sahəsində fəaliyyət göstərən kadrların vəziyyəti - bu da mədəniyyətin bir səviyyə göstəricisidir, digəri səviyyə göstəricisi isə mədəniyyət obyektlərinin durumudur. 

Adil Kərimli vətəndaşlarla görüşdən sonra rayonda fəaliyyət göstərən bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baş çəkib.

Adil Kərimli Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi, Dövlət Rəsm Qalereyası, Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Bayrağı Muzeyinin fəaliyyəti ilə tanış olub. Müəssisələrə baxış zamanı fəaliyyətin günün tələbləri səviyyəsində qurulması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Sonra rayonun Bəydili kəndi ərazisindəki ölkə əhəmiyyətli abidə – Yedditəpə kurqanlarına - qəbir abidələrə də baxış keçirilib. 

Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq, Biləsuvar rayonu ərazisindəki abidələr, o cümlədən adıçəkilən kurqanlar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yenidən qeydiyyata alınıb və mühafizəsi təşkil olunub.

Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimlinin növbəti səfəri Qobustan rayonuna olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.