Tez-tez bu barədə xəbərlərimiz olur, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə qardaş ölkədə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, turizminin tanıdılması və təbliği istiqamətində layihələr və tədbirlər həyata keçirilir. Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənd şəhərində fəaliyyət göstərən və verdiyi təhsil səviyyəsinə görə xüsusi fərqlənən, çoxsaylı xarici vətəndaşların təhsil aldığı “British School” beynəlxalq məktəbinin müəllim və şagird kollektivi üçün “Azərbaycanı tanıyaq” layihəsinin təqdim edilməsi növbəti belə addım olub.
Mədəniyyət Mərkəzindən “Ədəbiyyat və incəsət” portalına verilən məlumata görə, layihə üzrə Daşkənddəki Britaniya məktəbinin müəllim və şagird kollektivi Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib, qonaqlara Azərbaycan Mədəniyyət Mərkəzi, onun fəaliyyəti, Mərkəzdə yaradılmış Heydər Əliyev, Azərbaycan tarixi və Azərbaycan-Özbəkistan Dostluq muzeyləri haqqında məlumat verilib. Müəllim və şagirdlər Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, xalq sənətkarlığı, musiqisi, adət-ənənələri, tarixi abidələrimizi əks etdirən çox sayda guşələr, eksponat və maketlərlə tanış olublar.
Sonra Mədəniyyət Mərkəzinin konfrans zalında davam edən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək qonaqları baharın gəlişi və xalqlarımızın milli bayramı - Novruz bayramı münasibətilə təbrik edib. O, Azərbaycan-Özbəkistan dostluğu, habelə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, poeziyası, incəsənəti, dövlətimizin qazandığı nailiyyətlər haqqında danışıb.
Diplomat Azərbaycanın qədim yaşayış məskəni Qobustan və Azıx mağarası, xalqımızın zəngin mədəni irsə, tarixi abidələrə, milli mətbəxə malik olduğunu qeyd edərək, həm maraqlı tarix, mədəniyyət, həm də gözəl və füsunkar təbiətlə ölkəmizin hər bir xarici turist üçün cəlbedici olduğunu bildirib. O, Azərbaycan Ordusunun rəşadəti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistan işğalından azad edilən tarixi şəhərimiz, mədəniyyət paytaxtımız Şuşa haqqında məlumat verib, bu tarixi şəhərin, yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı seçildiyini qeyd edib.
Tədbir iştirakçılarına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış “Azərbaycanı kəşf et” adlı sənədli film təqdim edilib. Sənədli filmdə müstəqillik illərində Azərbaycanın qazandığı nailiyyətlər, ölkəmizin paytaxtı Bakı ilə yanaşı, Qəbələ, Şəki, Gəncə, Naxçıvan və Şuşanın görməli yerləri, turizm imkanları, tarixi abidələri, mətbəx mədəniyyəti, habelə işğaldan azad olan ərazilərimizə mədəniyyətin qayıdışı, keçirilən möhtəşəm tədbirlər öz əksini tapıb.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış bədii proqram təqdim edilib.
Mədəniyyət Mərkəzinin Rəqs Ansamblı milli rəqslərimizi ifa edib, Özbəkistanın dünyaca məşhur “Özbəyim yoşları” musiqi qrupu, tanınmış saz ustası İlham Abdullayev Azərbaycan musiqilərini səsləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)