Milli Dialoq Platforması qadınlara ünvanlanıb

“Qadın Gündəliyi” adlı Milli Dialoq Platformasının ictimaiyyətə təqdim olunması ilə bağlı konfrans keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına istinad edir. 

 

Dövlət qurumları, diplomatik korpus, qadın və gender təşkilatları, hökumət rəsmiləri, beynəlxalq tərəfdaşlar, digər maraqlı tərəflərin iştirakı ilə keçirilən tədbirdə gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi, qadın liderliyi və qadınların siyasi, iqtisadi, sosial, mədəni məsələlərdə qərarların qəbul edilməsi proseslərində təmsilçiliyi müzakirə edilib. 

FemACT Azərbaycan Qadın Fondunun təsisçisi Pərvanə Məmmədova Azərbaycanda “Qadın Gündəliyi”nin müəyyən edilməsi üzrə Milli Dialoq Prosesinin yaradılması məqsədi haqqında məlumat verib. Platformanın təqdimat mərasiminin Beynəlxalq Qadınlar Gününə həsr olunmasını xüsusi qeyd edən P.Məmmədova deyib ki, qeyri-hökumət təşkilatları, gender məsələləri üzrə ekspertlər, qadın koorporativləri, icma əsaslı lider və kənd qadınlarının iştirakı ilə formalaşmış Platformanın tərkibində doqquz işçi qrupu yaradılıb. 

O, Azərbaycanda gender bərabərliyi, qadınların səlahiyyətləndirilməsi və inkişafı üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin səyləri nəticəsində bir ildən artıqdır ki, “Qadın Gündəliyi” Milli Dialoq Platformasının yaranması ilə bağlı çoxsaylı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. P.Məmmədova bildirib ki, konsolidasiya edilmiş sənəd gender sahəsi üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları və hökumət qurumları arasında dialoqun başlanması ilə qadınların cəmiyyətin bütün sahələri üzrə faydalı iştirakçılığını stimullaşdıracaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların öz hüquqlarını əldə etmək, bu hüquqlardan istifadə və onun nəticəsində qazanılan nailiyyətlərini bildirmək baxımından yaranan Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib.

O qeyd edib ki, bizim bütün istiqamətlərdə fəaliyyətimiz insana, onun mənafeyinə, təhlükəsizliyinə yönəlsə də, imkanlarımız onları bundan məhrum edən səbəblərin aradan qaldırılmasına yönəlir. 

Şanlı Qələbədən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyini bildirən sədr münaqişə dövründə hüquqları pozulmuş qadın və uşaqların ailələri ilə birgə öz yurd-yuvalarına qayıtmaları üçün genişmiqyaslı işlərin həyata keçirildiyini bildirib. O, Azərbaycanın bütün qanunvericiliyində mükəmməl şəkildə təsbit olunan hüquqların imkanlara və nəticələrə çevrilməsi istiqamətində həyata keçirilən çalışmaların səmərə verəcəyinə inamını ifadə edib. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan dövləti olaraq, siyasətimizdə hər zaman qadınların rolunun, onların fəaliyyətinin daha da genişləndirilməsini rəhbər tutmuşuq. Azərbaycan qanunvericiliyində qadın hüquqları tam şəkildə təsbit olunub, hər hansı ayrı-seçkiliyə yol verilməməsinə dair müddəalar təsdiqlənib. Nazirin sözlərinə görə ötən il nazirlik tərəfindən 30 mindən çox qadına aktiv məşğulluq tədbirləri təqdim edilib ki, buraya həm işədüzəltmə, həm özünüməşğulluq proqramı, peşə hazırlığı proqramı, ictimai işlər proqramı və digər müxtəlif proqramlar daxildir. 

Elm və təhsil nazirinin müavini İdris İsayev gender bərabərliyinin təmin olunmasının beynəlxalq gündəliyə daxil edilmiş bir məsələ kimi həm də ölkəmizin qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərindən birini təşkil etdiyini qeyd edib. Nazir müavini əlavə edib ki, bu istiqamətdə hər bir dövlət, o cümlədən Azərbaycan dayanıqlı və sistemli tədbirlər həyata keçirir. O, təhsilin gündəlikdə nəzərdə tutulan məsələlərin həllində ən vacib və həlledici məqam olduğunu bildirib, ölkə təhsilində qadın və kişilərin hüquqlarının bərabər olduğunu söyləyib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri ilə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşad Hacıyev birgə tədbirlər sayəsində cəmiyyəti narahat edən zorakılıq hadisələrinin qarşısının alınması istiqamətində çevik və operativ fəaliyyət həyata keçirildiyini bildirib. O, maarifləndirmə tədbirlərinin regionlarda da gücləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, qadın hüquqlarının qorunması bütün cəmiyyətin işidir. Qadın məsələləri milli yox, bəşəri məsələdir və bütün dünya ölkələri üçün aktualdır. 

Daha sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld, Avropa İttifaqının Azərbaycandakı səfiri Piter Mixalko, Niderlandın Azərbaycandakı səfiri Pauline Eizame, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentson gender bərabərliyinin qlobal gündəlikdə olan məsələ olduğunu vurğulayaraq, hər kəsi qadınların fundamental hüquqlarının qorunması və onların fəaliyyətinin dəstəklənməsi naminə səyləri birləşdirməyə çağırıblar. 

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda insanlar və korporativ mədəniyyət üzrə vitse-prezidenti Elnarə Məmmədova təmsil etdiyi qurumun fəaliyyətində qadınların roluna verilən qiymət və dəstəyi vurğulayıb. 

Tədbir “Azərbaycanda Qadın Gündəliyinin əsas prioritetləri və tövsiyələri” mövzusu üzrə panel müzakirələrlə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.