Maslenitsa bizim Dillər Universitetində

Baharın nəfəsi gündən-günə daha yaxından hiss olunmaqdadır. Azərbaycan Dillər Universitetində həftəsonu bahar bayramı keçirildi. Amma hələ Novruz yox, Maslenitsa bayramı. Maslenitsa slavyan xalqlarının qədim bayramlarındandır, “Maslenitsa” ənənəvi olaraq ölkəmizdə də keçirilir. Pasxadan təxminən ay yarım öncə qeyd edilən “Maslenitsa” bayramı qışın yola salınması, yazın gəlişi ilə bağlıdır. Tonqalların qalanması, qışın rəmzi olan “Maslenitsa” müqəvvasının yandırılması bizim Novruz öncəsi qeyd etdiyimiz ilaxır çərşənbələri xatırladır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Dillər Universitetində düzənlənən tədbir Tədbirin təşkilatçısı universitetin Rusiyaşünaslıq Mərkəzi idi. 

Tədbir öncə Rusiyadan xüsusi olaraq gələn nümayəndə heyətini qəbul edən ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamladı, onları universitetdə görməkdən məmnun olduğunu bildirdi və hər birini bu qədim bayram münasibətilə səmimi qəlbdən təbrik etdi. 

Kamal Abdulla qeyd etdi ki, qonaqların Maslenitsa bayramını onlarla bərabər, məhz Azərbaycan Dillər Universitetində keçirmələrindən dolayı çox şaddır. 

Rusiyaşünaslıq Mərkəzinin rəhbəri Diana Nikolayevna ADU-ya təşrif buyurduqlarına  görə rusiyalı qonaqlara öz təşəkkürünü bildirdi. 

Görüş zamanı Azərbaycan və Rusiya əlaqələrinin əhəmiyyətindən danışıldı, mədəni-humanitar sahədə əlaqələrin möhkəmlənməsinə təsir edən belə tədbirlərin keçirilməsinin vacibliyi xüsusi vurğulandı. 

Sankt-Peterburq Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Sergey Markov səmimi qarşılanmaya və xoş sözlərə görə ADU rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, elmi-mədəni əlaqələrin qurulması və perspektiv vəd edən görüşlərin keçirilməsi olduqca əhəmiyyətlidir. Bu, iki ölkə arasında olan münasibətlərin daha da dərinləşməsinə və möhkəmlənməsinə kömək etmiş olacaq.

Rusiyanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Pyotr Sergeyiviç, səfirliyin birinci katibi Pavel Mixayiloviç, Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) rəhbəri İrek Zinnurov görüşlə bağlı fikirlərini bölüşdülər.

Bir sıra maraqlı görüşlər, tədbirlər, mühazirələr gün boyu davam etdi. Bu tədbirlərdə Rusiyadan gələn intellektual camiənin üzvləri, yazıçılar, elm xadimləri çıxışlar etdilər. 

Tədbirdə ADU-nun tələbələrinin ifasında rus dilində mahnılar da oxundu. 

Daha sonra Heydər Əliyev lektoriyasında etnoqrafiya mövzusuna həsr olunan mühazirə oxundu, ADU-nun idman zalında yarış keçirildi, tələbələr üçün əl işinə aid master-klass təşkil olundu. 

Bu kimi görüşlər ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərir, yeni elmi-mədəni mübadilənin aparılması üçün addımlar atılır.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.