Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Ən fəal Mərkəz” nominasiyasında qalib olub

Özbəkistanın aparıcı media təmsilçiləri, çoxsaylı respondentlər, tanınmış simalar, ictimaiyyət nümayəndələri arasında keçirilmiş onlayn sorğunun nəticələri məlum olub. Bununla əlaqədar, Daşkənddəki Əlişir Nəvai adına Panorama Kino Sarayında təntənəli mükafatlandırma mərasimi təşkil edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Özbəkistanın hökumət nümayəndələri, ictimaiyyət, elm, mədəniyyət, təhsil xadimləri, deputatlar, jurnalistlər, blogerlər iştirak ediblər. 

Aparılan rəy sorğusu ölkədə aktiv fəaliyyət göstərən, mətbuatla sıx işləyən, əməkdaşlıq edən, fəaliyyətində şəffaflığa nail olan, vətəndaş cəmiyyəti, ictimaiyyətlə səmərəli fəaliyyət göstərən dövlət və qeyri-dövlət idarələri, ictimai təşkilatlar arasında ənənəvi “İlin seçimi-2022” müsabiqəsinə yekun vurulub. 

Sosial sorğu çoxsaylı respondentlər, jurnalist və blogerlərin, ictimaiyyətin fəal nümayəndələrinin rəyi əsasında onlayn formada və şəffaf aparılmış, müsabiqədə “Ən nümunəvi region”, “Ən nümunəvi nazirlik”, “Ən fəal deputat”, “İlin media lideri”, “İlin ən nümunəvi mətbuat katibi” və digər nominasiyalarda qaliblərə diplom və mükafatlar verilib. 

Qeyd edək ki, rəy sorğusunda qeyd olunan tələblərə cavab verməyən dövlət qurumları, idarələrin adları da elan olunub. 

Keçirilən səsvermə samanı Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrə aid təşkilatlar arasında “İlin ən fəal Mədəniyyət Mərkəzi” nominasiyasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi qalib olub. Bununla bağlı diplom Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova təqdim edilib.

Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, diplomatik nümayəndəlikləri arasında “İlin ən fəal səfirliyi” nominasiyası üzrə qalib Türkiyə səfirliyi olub. 

Özbəkistan KİV-ləri eləcə də ictimaiyyət arasında hər il keçirilən, obyektivliyi və şəffaflığı ilə seçilən bu sorğunun nəticələri ölkə ictimaiyyəti tərəfindən çox böyük maraqla qarşılanır, mətbuatda geniş şəkildə işıqlandırlır.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.