Səngəçal karvansarası niyə baxımsız haldadır?

Orta əsrlər dövrünə aid olan Səngəçal karvansarası baxımsız qalıb. Bu barədə sosial şəbəkələrdə paylaşılan fotolardan görmək mümkündür. 

 

“Ədəbiyyat və incəsənət” Oxu.az-a istinadən xəbər verir  ki, Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən, paytaxtdan 45 km cənubdakı Səngəçal karvansarası Bakı-Salyan yolu üzərində qərarlaşır. İkimərtəbəli tikili dördbucaqlı formada inşa edilib. Mişar daşından tikilən binanın fasadında olan kitabədə karvansaranın Şirvanşah I Xəlilullahın göstərişi ilə 1439-40-cı illərdə inşa edilməsi barədə qeydlər var. 

 

Karvansara binası hazırda baxımsız vəziyyətdədir. Yerli sakinlər binanın əsaslı bərpaya ehtiyacı olduğunu qeyd edirlər. XIX əsrdə karvan yollarının əhəmiyyətini itirməsi ilə karvansara fəaliyyətini dayandırıb. Köklü şəkildə yenidən qurulmasa, bu tarixi abidə məhv olacaq.

 

Artıq üç ildən də uzun bir müddətdir ki, Səngəçal karvansarasının fotolardan gördüyünüz vəziyyətdə olduğu qeyd edilib. 

 

Orta əsr Şirvanşahlar dövlətinə aid olan, yox olmaq təhlükəsi ilə üz-üzə qalan abidə ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanlasaq da, cavab ala bilmədik. 

 

Qeyd edək ki, mövzu ilə əlaqədar istifadə edilən fotolar bloqer İradə Qədirovanın paylaşımından götürülmüşdür. 

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.