Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Tək inci” adlı sərgi açılıb

Azərbaycan Milli İncəsənət Muzeyində sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvana həsr edilmiş “Tək inci” adlı sərgi açılıb. Sərginin təşəbbüskarları Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyidir. Qeyd edək ki, sərgi 2023-cü il yanvarın sonunadək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgidə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və bir çox incəsənət xadimi iştirak edib.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov sərginin əhəmiyyətindən danışaraq, Xurşidbanu Natəvanın həyat və yaradıcılığından bəhs edib. O deyib: “Şairənin 190 illiyi respublika səviyyəsində geniş şəkildə qeyd olunur. Bu sərgi Prezident İlham Əliyevin 2022-ci il 14 mart tarixli Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən təşkil olunmuş tədbirlər planının tərkib hissəsidir. Sərginin ekspozisiyası, X.Natəvanın zəngin yaradıcılıq fəaliyyətinin hərtərəfli şaxələri, həm rəsm və bədii nümunələr olmaqla yanaşı, şairənin yaşadığı dövrü əks etdirən bədii-sənədli nümunələri ilə zəngindir. X.Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib. Ailənin yeganə övladı olduğundan sarayda onu “Dürrü yekta” (“Tək inci”), el arasında isə “Xan qızı” çağırıblar. Onun uşaqlığı sarayda keçib və dövrünün görkəmli alim və sənətkarlarından dərs alıb. O, dünyəvi elmləri öyrənərək, həmçinin klassik poeziyanı da mənimsəmişdir. Doğma dili ilə yanaşı, bir neçə dildə də mükəmməl danışa bilirdi. Natəvanın yaradıcılığının coşqun çağları Qarabağ ədəbi məclislərinin fəaliyyət göstərdiyi dövrlə sıx bağlıdır. 1872-ci ildə X.Natəvanın təşəbbüsü və maddi yardımı ilə əsası qoyulan “Məclisi-üns” ədəbi məclisi öz ətrafına otuza yaxın şair toplayıb. Məclisdə klassiklərdən tərcümələr edilmiş, Xaqani, Nizami və Füzuli kimi qüdrətli qələm sahiblərinin əsərlərinə nəzirələr yazılmışdır”.

Natəvan yaradıcılığının yalnız şairliklə məhdudlaşmadığını bildirən R.Hüseynov qeyd edib ki, o, həm də XIX əsr təsviri sənətimizin “Tək inci”si, ilk qadın rəssamı və bədii tikmə ustası idi. “Gül dəftəri” adlandırılan albomunda Natəvanın qəzəlləri ilə yanaşı, onun sulu boya və karandaşla çəkdiyi 30-a yaxın rəsmləri toplanıb. “Bülbül və qızıl gül”, “Sərçələr”, “Pərvanə və şam” kimi lövhələri şairənin lirik qəzəlləri ruhunda çəkilmiş illüstrasiyalarındandır. Onun “Metex qalası”, “Şeyx Sənan dağı”, “Narınqala”, “Kür qırağı”, “Müctəhid bağı” mənzərələri öz bədii həlli ilə yanaşı, həm də tarixi əhəmiyyət kəsb edir. 60-a yaxın dəyərli sənət əsərinin ziyarətçilərə təqdim olunduğu vernisajda Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, S.Bəhlulzadənin Ev-Muzeyi, Bərdə Rayon Tarix Diyarşünaslıq Muzeyi və Altay Hacıyevin şəxsi kolleksiyasında saxlanılan Xan qızına məxsus şəxsi əşyaları, əlyazmaları, eləcə də Azərbaycanın görkəmli rəssam və heykəltaraşı tərəfindən yaradılan Natəvan obrazını görmək mümkündür. Xan qızının obrazı həm dahi şəxsiyyət, mədəni və ictimai xadim kimi, həm də gözəl, kübar Azərbaycan qadını kimi bir çox rəssam və heykəltaraşlarımız tərəfindən müraciət olunan, saysız-hesabsız təsvirləri yaradılan obrazlardan birinə çevrilmişdir. Maral Rəhmanzadə, Oqtay Sadıqzadə, Ömər Eldarov, Altay Hacıyev və başqa sənətkarlarımızın yüksək yaradıcılıq məhsulu kimi ərsəyə gələn “Natəvan obrazları” sərginin diqqətəlayiq eksponatlarındandır. 

Xurşidbanu Natəvanın şeirlər məcmuəsi XX əsrin ilk yarısında bir neçə dəfə çapdan çıxdığını vurğulayan R.Hüseynov Xan qızının əlyazmalarının, şəxsi geyim və əşyalarının nadir eksponat kimi arxiv və muzeylərimizdə saxlanıldığını bildirib: "Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulub. 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində şairənin abidəsinin açılış mərasimi keçirilib. Eyni zamanda, 2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 211 nömrəli Qərarı ilə X.Natəvanın əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıya gətirilmiş və Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilmiş Üzeyir Hacıbəyli, Xan qızı Natəvan və Bülbülün ermənilər tərəfindən Şuşada güllələnmiş heykəlləri 2021-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yenidən Şuşaya gətirilib.

Sonda Azərbaycan ədəbiyyatında, mədəniyyətində, həmçinin ictimai həyatında dərin izlər salan və mədəni irsimizin zənginləşməsində böyük töhfələr verən bu görkəmli şəxsiyyətə həsr olunmuş sərgiyə baxış keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.