Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib, Özbəkistanda 2022-ci il üzrə Azərbaycana dair elan edilmiş müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Özbəkistan Jurnalistlər Birliyinin rəhbərliyi, Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, təhsil sahəsinin nümayəndələri, yerli azərbaycanlılar, ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
Əvvəl qonaqlar Ulu Öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə gül-çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında azərbaycanlıların həmrəyliyi günü haqqında məlumat verib, qeyd edib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında Ulu Öndər Heydər Əliyevin Qərarı ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib.
Diplomat vurğulayıb ki, soydaşlarımızın həmrəyliyi və onların azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi layihəsi məhz, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən idi. Samir Abbasov həmrəylik bayramının bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlının bayramı olduğunu qeyd edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov yola saldığımız 2022-ci ilin Azərbaycan-Özbəkistan münasibətləri üçün uğurlu il olduğunu, bir ildə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana üç dəfə səfər etdiyini, dövlətlərimizin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini, Daşkənddə Mirabad rayonunda Heydər Əliyev xiyabanının açılışı olduğunu qeyd edib.
O, 2022-ci ildə Azərbaycanın qazandığı nailiyyətlər barədə danışaraq, “Şuşa İli” münasibətilə həyata keçirilən layihələr barədə məlumat verib, hazırda işğaldan azad edilmiş rayonlarda Qarabağda və Şərqi Zəngəzurda aparılan tikinti və təmir işlərinə toxunub. Diplomat erməni işğalından azad edilmiş bölgələrdə geniş quruculuq işlərinin reallaşdırıldığını, iki beynəlxalq hava limanı - Füzuli və Zəngilan hava limanlarının açıldığını və hazırda Azərbaycanın Laçın rayonunda üçüncü beynəlxalq hava limanın tikildiyini qeyd edib.
Özbəkistan Jurnalistlər İttifaqının rəsmisi, tanınmış jurnalist Akbar Maqdiyev ölkələrimiz arasında mədəniyyət və jurnalistika sahələrində əlaqələrin durmadan inkişaf etdiyini bildirib, Azərbaycan Mədəniyyət Mərkəzinin bu istiqamətdə böyük işlərə imza atdığını, özbək mətbuatı ilə sıx əməkdaşlığın qurulduğunu bildirib. Ötən il Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın media təmsilçiləri, Yazıçılar Birliyinin rəhbərliyi və özbək şairlərin mədəniyyət paytaxtımız Şuşaya səfərinin reallaşdırıldığını qeyd edən natiq xalqlarımız, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlərdən danışıb.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığından danışıb, 2023-cü ildə Özbəkistanın Səmərqənd şəhərinin Ümumdünya Turizm Təşkilatı tərəfindən dünyanın turizm paytaxtı, TÜRKSOY təşkilatı tərəfindən isə Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edildiyini qeyd edib.
Sonra müxtəlif nominasiyalar üzrə Özbəkistanda 2022-ci il üzrə Azərbaycana dair elan edilmiş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan bayram konserti təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(27.12.2022)