Bu gün Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın on üçüncü günüdür.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın hadisə yerinə ezam olunmuş müxbirinin reportajını təqdim edir.
Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, yataqlarda monitorinq aparılmasına icazə verilməsini gecədən səhər saatlarınadək tələb ediblər.
Onlar həmişəki kimi bu səhəri də Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıb, milli ifaların sədası altında şüarlar deyiblər. Gecə və səhər saatlarında təhlükəsizlik qaydalarına əməl olunub, ərazidə heç bir insident yaşanmayıb. Etirazçıların toplaşdığı yolda hərəkətin sərbəstliyi də təmin edilib. Yol humanitar məqsədlər üçün açıq qalıb.
Dünən Rusiya sülhməramlılarına məxsus 25 təchizat-təminat avtomobili günün müxtəlif vaxtlarında (18-i Laçından Xankəndi istiqamətində, 7-si isə əks istiqamətdə) ərazidən hər iki tərəfə maneəsiz keçib. Həmçinin bu gün səhər saatlarında Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus üç avtomobil aksiyanın təşkil olunduğu ərazidən Laçın istiqamətinə sərbəst keçib.
Aksiya iştirakçıları hər zamankı kimi, bu səhər də yüksək əhvali-ruhiyyədə olublar. Onların səhhətlərində ciddi problem müşahidə edilməyib. Şaxtalı hava aksiyanın gedişinə maneə yaratmayıb. Etirazçılar əzmkar görünürlər. Tələbləri dəyişməz olaraq qalır. Onların ən başlıca şüarı belədir: “Azərbaycan milləti qoruyacaq sərvəti”, “Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır”, “Ekoloji cinayətə son!”. Bununla yanaşı, fəallar öz etirazlarını digər şüarlarla da bildirirlər. Hazırda iştirakçılar gecə və səhər saatlarında ifa etdikləri “Şuşanın dağları başı dumanlı”, “Anadır arzulara hər zaman Qarabağ”, “Hay ver mənə, leytenant”, “Xudayar təsnifi”, “Azərbaycan oğluyam” mahnıları ilə aksiyanın ümumi mənzərəsini daha da canlandırıblar.
Havanın şaxtalı olmasına baxmayaraq, aksiyaya qoşulanların sayı da artır. Könüllü vətəndaşlar hazırda aksiyaya böyük dəstək verirlər. Dünən günün ikinci yarısında müxtəlif yaş kateqoriyasına aid 30-dək vətəndaş cəmiyyətinin üzvü aksiyaya qoşulub. Aksiya iştirakçılarının bildirdiyinə görə, paytaxtdan və regionlardan mənəvi dəstək göstərənlərin sayı gündən-günə artır. Onlardan bir çoxu aksiyaya qoşulmaq üçün cəhd edirlər. Bildiriblər ki, bu gün də aksiyaya dəstək üçün gələnlər olacaq. Etirazçılar məlum vəziyyətlə bağlı tələblərində israr edirlər. Onlar yeraltı sərvətlərin talan edilməsinin qarşısının alması üçün təxirəsalınmaz tədbirlərin görülməsinə dərhal şərait yaradılmasını istəyirlər. Azərbaycan ekoloji mühitinin mühafizəsini önəmli sayan fəallar beynəlxalq təşkilatları Ermənistana qarşı müvafiq tədbirlər görməyə çağırırlar. Onlar vurğulayırlar ki, aksiya beynəlxalq müqavilələrin tələblərinə uyğundur.
Müşahidələr onu göstərir ki, on üç gündür davam edən aksiya zamanı Azərbaycan tərəfi üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri sivil şəkildə yerinə yetirir və Ermənistandan da bu öhdəliklərə riayət olunmasını tələb edir. Qarşı tərəfdən fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan bölgədə gərginliyin artmasında maraqlı deyil. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini qanuni şəkildə təmin edir. Odur ki, aksiyaya görə Azərbaycana beynəlxalq miqyasda təzyiq göstərilməsi üçün heç bir əsas yoxdur.
Qeyd edək ki, dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Dekabrın 12-dən isə həmin ərazilərdə monitorinqlərin aparılması, qanunsuz istismarın dayandırılması məqsədilə Laçın-Xankəndi yolunda dinc şəkildə etiraz aksiyası keçirilir.
“Ədəbiyyat və incəsənət”
(24.12.2022)