Dünən xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov Sumqayıt şəhərinə səfər edib.
Yerlərdə sakinlərin müraciət və problemlərinin dinlənilməsi, onların həlli ilə əlaqədar müvafiq addımların atılması dövlətimizin diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bu məqsədlə hər ay bölgələrdə vətəndaşların qəbulu keçirilir. Dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ayın 16-da Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mədəniyyət nazirinin budəfəki qəbulu Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşa şəhər və rayonlarını əhatə edib. Eyni zamanda qəbulda digər şəhər və rayonlardan gəlmiş vətəndaşların da müraciətləri dinlənilib.
Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Nazir və şəhərin icra başçısı Sumqayıt Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canından keçən qəhrəman oğulların xatirəsinə ehtiramını bildiriblər.
Sonra Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov mərkəzin fəaliyyəti ilə tanış olub.
Məlumat verilib ki, 2013-cü ildən fəaliyyət göstərən mərkəzin 2016-cı ildə dövlət başçısının iştirakı ilə yeni binasının açılışı keçirilib. Mərkəzdə xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin ömür yolu və dövlətçilik fəaliyyəti təbliğ olunur. Burada, həmçinin müxtəlif dərnəklər fəaliyyət göstərir, tədbirlər təşkil edilir.
Daha sonra Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Sakinlərin müraciətləri, əsasən işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, sərgi və kitab təqdimatının keçirilməsinə dəstək göstərilməsi, fəxri adın verilməsi, əmək müqaviləsinin uzadılması, mədəniyyət müəssisələrinin təmiri, fəaliyyəti və digər məsələləri əhatə edib.
Anar Kərimov vətəndaşların müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Əminik ki, hər bir qaldırılan məsələ obyektivliklə həll ediləcək.
“Ədəbiyyat və incəsənət”
(17.12.2022)