Bir payız günü Aran şəhərində… Featured

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov noyabrın 28-də Mingəçevir şəhərinə səfər edib. Nazirin səfəri Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə hazırlanmış müvafiq plana uyğun olaraq gerçəkləşir.

Səfər barədə dünən ilkin yazı vermişdik. Bu gün səfərin tam təfərrüatını diqqətinizə çatdırırıq.

 

Səfər çərçivəsində mədəniyyət naziri bir sıra mədəniyyət ocaqlarına baxış keçirib, müəssisələrin ümumi fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alıb.

Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, 2013-cü ildən fəaliyyət göstərən mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və müxtəlif eksponatlar nümayiş olunur.

Mingəçevir Dövlət Rəsm Qalereyasına gələn nazirə məlumat verilib ki, 1987-ci ildə yaradılan mədəniyyət ocağında hazırda 231 eksponat mühafizə edilir.

Səfər çərçivəsində Mingəçevir Şəhər Tarix Muzeyinə baxış keçirilib. Qeyd olunub ki, 1968-ci ildə yaradılan muzeyin əsas fondunda 15561 eksponat saxlanılır. Burada e.ə. III-I minilliklərə aid maddi mədəniyyət nümunələri də qorunur. 2009-cu ildə istifadəyə verilən binada 2017-ci ildə cari təmir işləri həyata keçirilib.

Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası ilə tanışlıq zamanı kitabxananın fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat verilib. Qeyd olunub ki, Mərkəzi Kitabxana 1956-cı ildən oxuculara xidmət göstərir.

Anar Kərimov mədəniyyət müəssislərində fəaliyyətin daha da canlandırılması, işin müasir tələblərə uyğun qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzinə gələn nazirə müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mədəniyyət ocağı 2000-ci ildən Mədəniyyət evi, 2015-ci ildən Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərir. Hazırda 5 filialı olan mərkəzin 1983-cü ildə inşa edilən binasında 2019-2021-ci illərdə Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir işləri aparılıb. Sonra mərkəzin binasında fəaliyyət göstərən Mingəçevir şəhər MKS-nin Nizami Gəncəvi adına 9 nömrəli kitabxana filialına baxış keçirilib.

Səfər çərçivəsində mədəniyyət naziri Mingəçevir Dövlət Dram Teatrına baş çəkib. Nazirə teatrın fəaliyyəti və maddi-texniki imkanları barədə  məlumat verilib. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2018-ci ildə teatrın 50 illiyi qeyd olunub. Mədəniyyət ocağı ölkə əhəmiyyətli memarlıq abidəsi (inv. № 201) olan binada fəaliyyət göstərir.

Sonra nazir Anar Kərimov Mingəçevir şəhər Ü.Hacıbəyli adına Onbirillik Musiqi Məktəbinə baxış keçirib, məktəbdə Mədəniyyət Nazirliyi tərəfindən aparılan əsaslı təmir işləri ilə tanışlıq olub. Nazir yenidənqurma işlərinin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasına dair tapşırıq və tövsiyələrini verib.

Nazirin diqqətinə çatdırılıb ki, 1954-cü ildə fəaliyyətə başlayan təhsil ocağı 2001-ci ildən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyır. 2011-ci ildən onbirillik musiqi məktəbi kimi fəaliyyətini davam etdirir. Tədris ocağında fortepiano, violin, tar, qarmon, kamança, nağara və xanəndəlik ixtisasları tədris olunur. 683 şagirdin təhsil aldığı məktəbdə 212 müəllim çalışır.

Anar Kərimov müəssisələrin fəaliyyətinin müasir çağırışlara cavab verəcək səviyyədə qurulması, nizam-intizama əməl olunması, xidmətin və tədrisin keyfiyyətinin artırılmasının vacibliyini diqqətə çatdırıb.

 

“Ədəbiyyat və incəsənət” (29.11.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.