Mərakeş Krallığının Fəs şəhərində BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) IX Qlobal Forumu davam edir. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov forumda iştirak etmək üçün Mərakeşdə səfərdədir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, forum çərçivəsində Fasın Dar-Bata Muzeyində “Mədəniyyət: sülh üçün olmazsa olmazdır. Muzeylər möcüzə, kəşf, açıqfikirlilik və mədəniyyətlərarası dialoq məkanı kimi” mövzusunda panel keçirilib. İCESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos, mədəniyyət naziri Anar Kərimov, alim, kollektor və xeyriyyəçi Nasser Xəlili və başqa qonaqlar iştirak ediblər.
Paneldə çıxış edən nazir Anar Kərimov mədəniyyətin dünyada sülhün bərqərar olmasında oynadığı roldan söz açıb. Bildirib ki, muzey və abidələr xalqların mədəni kimliyinin əsas göstəricisidir. Böhranlar və müharibələr zamanı muzeylərin bəzi hallarda hədəf alındığını təəssüflə qeyd edən Anar Kərimov Azərbaycanın bu sahədə ən çox zərər çəkən ölkələrdən olduğunu bildirib. Diqqətə çatdırıb ki, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış Azərbaycan ərazilərində tarixi-mədəni irsə qarşı misli görünməmiş vandalizm həyata keçirilib.
Nazir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” barədə məlumat verib, bu qlobal çağırışın əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Bakı Prosesi” çərçivəsində BMT də daxil olmaqla bir sıra aparıcı təşkilatların tərəfdaşlığı ilə ölkəmizdə Dünya Mədəniyyətlərarası Dialoq Forumları keçirilib.
Anar Kərimov çıxışında 2021-ci ildə Azərbaycan Respublikası tərəfindən elan edilmiş “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası barədə də məlumat verib. Deyib ki, bu çağırışın əsas istiqaməti postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir.
Xatırladaq ki, ölkəmiz 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında keçirilən VII Qlobal Forumuna ev sahibliyi edib.
“Ədəbiyyat və incəsənət” (24.11.2022)