Lüksemburqun Baş naziri Azərbaycan stendini ziyarət edib Featured

Lüksemburq Böyük Hersoqluğunun təşkilatçılığı ilə keçirilən 62-ci Beynəlxalq Lüksemburq Bazarında bu ölkənin Baş naziri Ksavye Bettel Azərbaycan stendini ziyarət edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, ölkəmizin Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, “Azersun”, “Meyseri”, “Silkway Cargo” şirkətlərinin dəstəyi və bu ölkədə yaşayan soydaşlarımız Seymur Əhmədov və Samir Məmmədovun təşkilatçılığı ilə Lüksemburq Beynəlxalq Bazarında nümayiş olunan Azərbaycan stendi lüksemburqlu rəsmiləri yüksək qonaqpərvərliklə qarşılayıb. Lüksemburqun Baş nazirinə Azərbaycanın tarixi, mədəniyyəti, məhsulları haqqında məlumat verilib. Ksavye Bettel milli mətbəximizin təamlarından dadıb. 
Azərbaycanın Əməkdar artisti, pianoçu, bəstəkar və aranjemançı İsfar Sarabski və tarzən Bəhruz Zeynal Lüksemburq Beynəlxalq Bazarında təşkil olunan Azərbaycan stendində musiqi proqramı ilə çıxış ediblər. 
Azərbaycan musiqisinin sədalarını eşidən Beynəlxalq Bazarın ziyarətçiləri stendimizin qarşısına toplaşaraq, azərbaycanlı musiqiçiləri heyranlıqla dinləyiblər. Azərbaycan musiqisi xeyriyyə bazarına xüsusi rəng qatıb. 
Qeyd edək ki, müxtəlif Avropa ölkələrində dəfələrlə konsertlər vermiş pianoçu İsfar Sarabski avropalılar tərəfindən çox sevilən musiqiçidir. Azərbaycanlı musiqiçilərin ifası ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb
Lüksemburq Beynəlxalq Bazarı noyabrın 13-də öz işini başa vurub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.