Türkiyədə - İstanbul Universitetində TÜRKSOY-un təşkilatçılığı ilə Əhməd Baytursunoğlunun 150 illik yubileyinə həsr olunmuş “Əhməd Baytürsünoğlu və türk sivilizasiyası” adlı elmi konfrans keçirilib. Konfransda TÜRKSOY-un Baş Katibi Sultan Rayev, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, Qazaxıstanın və türkdilli ölkələrin diplomatik korpusunun nümayəndələri, İstanbul Universitetinin rektoru Mahmud Ağ, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızstan və Türkiyədən gələn türkoloqlar və alimlər iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalına Beynəlxalq Türk Akademiyasından daxil olan məlumata görə, akademiyanın prezidenti səlahiyyətlərini icra edən vitse-prezident Füzuli Məcidli Əhməd Baytürsünoğlunun türk dünyasının dövlətçilik və siyasi sisteminin inkişafında apardığı islahatlardan, türk dünyasının mənəvi aləminin zənginləşməsində onun əsərlərinin rolundan, qazax dilinin qorunması naminə apardığı mübarizədən, eləcə də liderlik xüsusiyyətlərindən danışıb. O, qeyd edib ki, Əhməd Baytursunoğlu Alaş Orda hökumətində işləməklə bərabər, həm də Türk dünyasının birləşməsi ideyasının və Türküstan ideyasının yayılması üçün böyük töhvələr verib. Onun Türk Birliyinin yaranması üçün mübarizəsindəki baxışları və ideayaları Başqırdıstanın lideri Zəki Validi Toğanın, Azərbaycanın siyasi və dövlət xadimi Məmməd Əmin Rəsulzadənin ideyaları və fikirlkəri ilə üst-üstə düşüb. O həmçinin qırğız ziyalıları və xalqı ilə çiyin-çiyinə işləyib. Türk millətinin parlaq nümayəndələri İşanalı Arbayevin, Qasım Tınıstanovun , Qalımcan İbrahimovun yaxın silahdaşı olub.
TÜRKSOY-un sədri Sultan Rayev də öz çıxışında Əhməd Baytursunoğlunun Türk dünyasının Birliyi üçün yazıb qoyduğu, həyata keçirə bilmədiyi ideyalarının bu gün də əhəmiyyətli olduğunu bildirib.
Konfrans çərçivəsində Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə çap olunan araşdırmaçı alim Reyhan İmaxanbetanın “Əsrin adamı” və “Əhməd Baytursunoğlu. Seçilmiş əsərləri” (qazax, türk, ingilis, rus dillərində) kitablarının təqdimatı olub . Əhməd Baytursunoğlunun həyat və yaradıcılığından bəhs edən kitab sərgisi və “Qazax sivilizasiyası və Əhməd Baytursunoğlu” video çarxı də qonaqlar tərəfindən maraqla qarşılanıb.