Oktyabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülmüş incəsənət nümayəndələrinə fəxri adların vəsiqələri təqdim edilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir.
“Bu gün ölkəmizin mədəniyyət həyatında böyük işlər görülür. Bu sahədə çalışan insanlar öz üzərlərinə düşən işi daha yaxşı yerinə yetirməyə çalışırlar. Mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqət deməkdir. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Bu sahədə yeni istedadlı nəsil yetişir. Hazırda Azərbaycan tarixi haqsızlığı bərpa edib. 44 günlük müharibə bir daha onu göstərdi ki, yaradıcı mədəniyyət dağıdıcı qüvvəyə qalib gəldi. İşğaldan azad olunmuş torpaqlarımızda bir sıra mədəniyyət abidələri bərpa olunur. Müstəqilliyimizin möhkəmləndirilməsində mədəniyyətin rolu böyükdür”,- deyə nazir bildirib.
Səngərdə qalibiyyət qazanmışıqsa, mədəniyyət sahəsində də bu qalibiyyəti, uğuru davam etdirməliyik deyən A.Kərimov vurğulayıb ki, Azərbaycan mədəniyyətinin əsgərləri də mədəniyyət xadimləridir: “Ermənilərin Azərbaycan mədəniyyətini özününküləşdirmə, mənimsəmə səyləri nəticəsiz qalacaq. Azərbaycan əsrlər boyu zəngin mədəniyyəti ilə məşhur olan bir ölkədir. Bundan sonra da mədəniyyət işçiləri bu tarixi missiyanı davam etdirəcək".
Nazir qeyd edib ki, təqdimat mərasiminin 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ərəfəsində keçirilməsi ikiqat bayram ovqatı yaradır.
Sonra mükafatlar təqdim edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət ordeni”, “Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu”, “Dövlət qulluğunda fərqlənmə”, “Tərəqqi” medalı, “Əməkdar rəssam”, “Əməkdar mədəniyyət işçisi” fəxri adları ilə təltif olunanlara fəxri adlar və onların vəsiqələri təqdim olunub.
Mükafat alanlar ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıdan söz açaraq ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər