Mediasiya sayəsində 12 ildir övladı olmayan və artıq ayrılmağa qərar verən bir cütlük ayrılmaq fikrindən necə vaz keçdi Featured

 

“Ədəbiyyat və incəsənət” portalının müsahibi yeni yaranmış Mediasiya Şurasının üzvü, mediator və eyni zamanda yazıçı Zamiq Abdullayevdir. Qısaca olaraq oxucularımızı mediasiya və Mediasiya Şurası barədə məlumatlandırıb müsahibəyə keçirik.

 

 

 

Qısa arayış:

 

Mediasiya sığortaçılarla zərərçəkmiş şəxslər, ümumən konfliktdə olan iki tərəf  arasında barışdırıcı funksiyanı yerinə yetirəcək bir mərhələ olaraq qəbul edilir.Mediasiyanın tarixinə diqqət yetirdikdə məlum olur ki, bu institut hələ qədim zamanlarda Babilistanda, Roma və Yunanıstanda ailə münaqişələri zamanı barışdırıcılıq üçün tətbiq edilmişdir. Mediatorlar tarixən yalnız yüksək savada və istedada malik şəxslər sırasından seçilmişdir.Mediasiya müasir dövrdə münaqişənin alternativ həlli üsulu kimi qəbul olunur.

 

Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən yaradılmış, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Mediasiya Şurası Avropa İttifaqının dəstəyi ilə işçi qrupun fəaliyyəti nəticəsində 12 fevral 2020-ci ildə yaradılmışdır. İşçi qrup bu məqsədlə Avropa İttifaqı tərəfindən cəlb edilmiş ekspert tərəfindən koordinasiya edilmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən təşkil olunmuşdur.

 

 

 

-Zamiq müəllim, biz sizi həm də yaxşı şair və yazıçı kimi, çox gözəl şeirlər, hekayələr müəllifi kimi tanıyırıq, mediator terminini ictimaiyyətə bədii dillə necə çatdırardınız?

 

 

 

-Mediator - alov şölələri arasında yüksək məharətlə rəqs edərək, alovun mənbəyini tapmaqla, onu söndürməyi, səmanı sülh göyərçinlərinin rahatlıqla uça biləcəyi aydınlığa qovuşdurmağı bacaran şəxsdir!

 

 

 

-Mediasiya sahəsində ilklərdənsiniz. İlklərdən olmaq necədir, hansı üstünlükləri, çətinlikləri var?

 

 

 

- Bəli, biz mediasiyanı Azərbaycanda ilk tətbiq edənlərdənik. Həmişə bir işin ilk qurucuları daha çox yadda qalırlar. Tarixdə bunun örnəkləri çoxdur. Təbii ki, bu qürurverici və çox şərəflidir. Biz Azərbaycan Mediasiyasına qanadlarını açmağı, uçmağı öyrətməliyik. Biz necə öyrətsək, biz onu havaya hansı səviyyədə buraxsaq, gələcək nəsillərə də o cür çatacaq. Ona görə də bizim üzərimizə çox böyük məsuliyyət düşür. Təbii ki, ilk olmağın çətinlikləri də az deyil. Nəzəri bilikləri ilk dəfə yaranan təcrübəyə çevirmək heç vaxt asan olmayıb. Ancaq Mediasiya Şurasının İdarə Heyəti yorulmadan çalışır, isti bir mediasiya ailəsi yaradaraq hər bir mediatora fərdi dəstəyini əsirgəmir.

 

 

 

-Sizcə, uğurlu mediasiya prosesi hansıdır, mediatorun üstünlükləri nə ilə ölçülməlidir?

 

 

 

-Mediasiyanın təməl məqsədi prosesi Barışıq Sazişi ilə yekunlaşdırmaqdır. Təbii ki, Barışıq Sazişi ilə yekunlaşmış mediasiya prosesinə uğurlu demək olar. Mediatorun üstünlük dərəcəsi mübahisə tərəflərində ən kiçik barışıq işığını anında görmək, bundan istifadə edərək İlkin Mediasiya Sessiyasında tərəfləri Tam Mediasiya Sessiyasına keçməklə mübahisəni öz aralarında həll edə biləcəklərinə inandırmaqdır. Mənə görə bu, ən çətin mərhələdir. Tam Mediasiyanın ödənişli olması da bu çətinlikləri artırır. Təbii ki, mediasiya fəlsəfəsi inkişaf etmiş ölkələrdə insanlar ümumiyyətlə mediasiyanın üstünlüklərini, onlar üçün ən yaxşı həll üsulu olduğunu və eləcə də ödənişli xidmət olmasını çoxdan bilirlər, bizim cəmiyyətdə hələ xeyli müddət mediasiya maariflənməsinə, təbliğat layihələrinə ehtiyac olacaqdır. Növbəti və həlledici göstərici Tam Mediasiya prosesini Barışıq Sazişi ilə yekunlaşdırmaqdır. Sırf mediasiyanın ictimai-fəlsəfi məqsədindən yanaşsaq, hər bir mediatorun üstünlüyü əldə etdiyi Barışıq Sazişinin sayıyla ölçülməlidir.

 

 

 

-Fəaliyyətə başlamanız çox qısa zaman olsa da artıq təcrübənizdə Barışıq Sazişləri var. Bir çox işləri Barışıq Sazişi ilə yekunlaşdırmısınız. Əldə etdiyiniz barışıq sazişlərində maraqlı və bölüşəcək nələr var?

 

 

 

- Bilirsinizmi, bu çox qəribə bir təcrübədir. Bu təcrübə qazanıldıqca insanı daha çox xoşbəxt edir. Eləcə də hər bir Barışıq Sazişindən sonra tərəflərin məmnunluğunu gördükdə yaşanan hiss tam fərqli, yeni bir zövq yaşadır. Axı mediasiya məhkəmədən və arbitrajdan fərqli olaraq “Qalib-Qalib” prinsipinə əsaslanır. Sizə necə təsvir edim. Məsələn, təcrübəmdə olan Barışıq Sazişlərindən birində biz tərəfləri elə bir şərtlərə razılaşdırdıq ki, həmin şərtlər daha çox arzu misallı idi. Məsələn 12 ildir övladı olmayan və artıq ayrılmağa qərar verən bir cütlük – ayrılmaq fikrindən vaz keçir,  hər iki tərəf ailə həyatına yeni sətirdən, yeni nəfəslə başlayacağına söz verir, ər qısa zamanda qohumlardan və ya körpələr evindən övladlığa uşaq götürməyi öhdəsinə götürür, xanım ərinin bir sıra xırda məişət şərtlərini qəbul edir. Həmin cütlük arasında uşaqsızlıqdan daha kəskin şərt kimi ortaya çıxmış mübahisə vardı:  sənəd üzərində ərin qardaşının mülkiyyətində olan, lakin faktiki cütlüyün özünə məxsus mənzili ərin öz adına keçirməsi şərti. Qarşı tərəf bu şərti ümumiyyətlə eşitmək istəmirdi. Mən o şərti onlara bir arzu kimi xatırlatdım, razılaşdılar və həmin mübahisə üzrə belə bir şərt bağladılar: “Övladlığa götürdükləri uşağın ilk ad günündə ər mənzillərinin öz (mümkün olarsa uşağın) adına keçirdilməsi barədə sənədi hədiyyə edəcək.”

 

Məsələ ondadır ki, bu mübahisəni ancaq mediasiya vasitəsilə, bu cür həll etmək mümkün idi, başqa heç bir mübahisələrin həlli yolunda bu sayaq imkanlar yoxdur. Mübahisələrin həlli yollarından heç birində, heç bir kəs onlara 12 il ərzində keçirdikləri hissləri, həyacanları, yuxusuz gecələri, arzuları, xanımın bu illər ərzində həkim qəbullarında, əməliyyatlarda olduğu anlarda həyat yoldaşının narahat, nigaran görkəmlə xəstəxana pilləkənlərində soyuqdan titrədə-titrədə gözlədiyi dəqiqələri tərəflərin inamını qazanmış bir mediator qədər ustalıqla xatırlada bilməzdi. Bu kimi mübahisələri həll etmək üçün taktikalar mediasiyada çoxdur, imkanlar genişdir.

 

 

 

-Barışıq sazişi necə olmalıdır? Bizə uğurlu Barışıq Sazişinə gedən yolu təsvir edərsinizmi.

 

 

 

-Mediasiya terminləri içində S.M.A.R.T. adlı bir termin var. Bu termin Barışıq Sazişinin necə olmasını gözəl açıqlayır. Spesifik (Specific), Ölçülə Bilən (Measurable), Əldə Edilə Bilən (Achievable), Realistik (Realistic) və Vaxtla Məhdudlaşdırılmış (Time-bound). Barışıq Sazişinə gedən yol mediatorun prosesə ilk andan qanunu düzgün tətbiq edərək başlamasından, hazırlıq mərhələsində işi və tərəfləri daha çox öyrənməsindən, öz üzərində daim işləməsindən və təbii ki, ən vacibi - mediatorun fitrətində olan istedadlardan – həssaslıq, intiuisya, münasibət qurmaq bacarığı, intellektindən və sairdən asılıdır.

 

 

 

-Son olaraq nə demək istərdiniz?

 

 

 

-Mən vətəndaşlarımıza aralarındakı mübahisələri daha çox xərc, daha çox zaman tələb edən ağır məhkəmə çəkişmələri vasitəsilə deyil, mediasiya vasitəsi ilə həll etməyi arzu edirəm. Mediator həmkarlarıma isə mediasiyanın gələcəyi naminə ən nümunəvi xidmət göstərməyi, qanunu düzgün şəkildə tətbiq etməyi tövsiyə edərək uğurlar arzulayıram.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.