Bölgələrdə mədəni irs nümunələrinin toplanması istiqamətində yeni təşəbbüsə start verilir

 

Arxeoloji nümunələr tariximizə işıq salan, mədəni irsimizin mühüm elementlərindən biridir. Tez-tez müxtəlif təsərrüfat fəaliyyətləri nəticəsində vətəndaşlarımız tərəfindən də arxeoloji nümunələrin aşkar olunması halları ilə rastlaşırıq. Vətəndaşların bir qismi tapıntıları dərhal aidiyyəti qurumlara təhvil versələr də, bəzi hallarda tapılan artefaktları özlərində saxlayırlar.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu məqsədlə Mədəniyyət Nazirliyi yanında Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bölgələrdə mədəni irs nümunələrinin toplanması istiqamətində yeni təşəbbüsə start verir. Belə ki, mədəni irs nümunələrinin toplanaraq qorunması, gələcək nəsillərə ötürülməsi üçün tarix-diyarşünaslıq muzeylərinə təhvil verilməsinə başlanılır.

Artıq bu istiqamətdə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən yerli sakinlərin köməyi ilə tapılan mühüm arxeoloji nümunələr tarix-diyarşünaslıq muzeylərinə təhvil verilib.

Vətəndaşlardan belə arxeoloji nümunələri olan hər kəs həmin artefaktları təhvil verməklə xalqımızın mədəni irsinin qorunmasına öz töhfələrini verə bilər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.