Özbəkistanda Azərbaycan Milli Mədəniyyət Mərkəzinin yeni ofisinin açılışı olub

 

Özbəkistanın Daşkənd vilayətinin Nurafşan şəhərində “Dostluq evi”nin açılış mərasimi keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbir çərçivəsində “Dostluq evi”ndə Daşkənd vilayəti üzrə Azərbaycan Milli Mədəniyyət Mərkəzinin yeni ofisinin açılışı olub. 

Tədbirdə vilayət rəhbərliyi, Özbəkistanın elm, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, Qazaxıstan, Türkmənistan, Rusiya, Tacikistan, Qırğızıstan mədəniyyət mərkəzlərinin nümayəndələri, habelə tələbələr və yerli gənclər iştirak ediblər.

Azərbaycan üçün ayrılmış otaqda ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan və Özbəkistan prezidentlərinin görüşlərindən fotolar, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, həmçinin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın tarixi və mədəniyyətinə dair özbək dilində çap olunan nəşrlər, suvenirlər nümayiş etdirilib. Açılış mərasimində hər bir mərkəz öz xalqına mənsub milli yeməklər və şirniyyatlarını təqdim edib. 

Daşkənd vilayət hakiminin müavini Zokir Əhmədov Özbəkistanda müxtəlif xalqların nümayəndələri üçün yaradılan şəraitdən danışaraq, ölkədə 130-dan çox xalqın nümayəndəsinin sülh və əmin-amanlıq şəraitində, öz milli mədəniyyətlərini qorumaq və inkişaf etdirmək imkanına malik olduğunu qeyd edib. O, bu istiqamətdə həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib. 

Çıxış edən digər natiqlər çoxmillətlilik, çoxmədəniyyətlilik, tolerantlığın Özbəkistan cəmiyyətinin əsas devizi olduğunu və ölkədə bütün millətlər üçün yaradılan şərait haqqında danışaraq açılışı edilən “Dostluq evi”ndə Daşkənd vilayətində yaşayan Azərbaycan, qazax, qırğız, türkmən, Koreya, uyğur, rus, tacik, ümumilikdə 8 millətin öz mədəniyyət mərkəzinin fəaliyyət göstərəcəyindən məmnunluqlarını ifadə ediblər.

Açılış tədbiri çərçivəsində “Dostluq evi”nin konfrans zalında qeyd olunan xalqların milli rəqs ansambllarının çıxışı olub, onlar öz xalqlarına aid milli rəqsləri ifa ediblər.

Konsert proqramında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Əməkdar artist Kaykep Aliyeva adına “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.

Daşkənd vilayəti üzrə Azərbaycan Milli Mədəniyyət Mərkəzi bundan sonra Nurafşan şəhərində fəaliyyət göstərəcək və Mərkəzin sədri azərbaycanlı tanınmış diaspora nümayəndəsi Qalib Müslümovdur. 

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd vilayətində Azərbaycan Milli Mədəniyyət Mərkəzinin ölkəmizə dair əyani vəsaitlərlə təmin edilməsinə xüsusi dəstək göstərib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.