Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Türk Akademiyası və İslam Əməksdaşlıq Təşkilatının (İƏM), Əl Fərabi Adına Qazaxıstan Milli Universitetinin təşkilatçılığı ilə beynəlxalq elm və texnologiya forumu keçirilib. Konfrans öz işinə başlamazdan əvvəl pakistanlı rəssamlar tərəfindən hazırlanmış “İslam xəttatlığı” sərgisi ziyarət edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, forumun təntənəli açılışında Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli , İƏM-in elm və texnologiya üzrə daimi komitəsi(COMSCTECH)in baş əlaqələndiricisi İqbal Çudaxri, Əl Fərabi Adına Qazaxıstan Milli Universitetinin rektoru Canseyit Tuyimbayev, Qazaxıstan Respublikasının təhsil və elm naziri Kuanış Yerqaliyev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, İnsan Hüquqları üzrə Pakistan Senatının daimi katibi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin icraçı direktoru Çi Fan, müsəlman və türk ölkələrinin diplomatik korpuslarının rəhbərləri çıxış ediblər.
Beynəlxalq tədbirdə Məhəmməd İqbalın Beynəlxalq Türk Akademiyası tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş “İslam düşüncəsinin rekonstruksiyası” kitabının, eləcə də 2020-ci ildə İslamabadda keçirilən Qlobal Forumda edilən məruzələrinin yer aldığı kitabın, Əl Farabinin “El-Farabi Kitabu'l Musika'l-Kebir” kitabının, urdu dilində yazılmış “İqbal ensklopediyası” kitabının təqdimatı keçirilib.
Beynəlxalq Türk Akademiyasının prezidenti , professor Darxan Kıdırəli COMSCTECH-in Baş katibi İqbal Çaudxarini türk dünyasına verdiyi tövhələrə görə Akademiyanın “Qızıl medalı” ilə təltif edib.
Daha sonra forum öz işini sessiya iclaslarında davam etdirib. Sessiya iclaslarında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Pakistan, Böyük Britaniya, Rusiya, Tacikistan və İƏM-in üzv ölkələrinin tanınmış alim və tədqiqatçıları, ekspertləri öz məruzələri ilə müzakirələr aparıb və çıxış ediblər.
Foruma dünyanın müxtəlif ölkələrindən alimlər və tədqiqatçılar, diplomatlar həm də onlayn qatılıblar.