Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşların qəbulunu keçirdikdən sonra mədəniyyət naziri Anar Kərimov Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun müşayiəti ilə Ağdam rayonunda bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Anar Kərimov əvvəlcə Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının fəaliyyəti ilə tanış olub, sonra Ağdam rayon Mədəniyyət Mərkəzinə baxış keçirib. Nazirə məlumat verilib ki, Mədəniyyət Mərkəzi 1952-ci ildə Ağdam şəhərində yaradılıb. 1993-cü ildə rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Dövlət Dram Teatrının binasında fəaliyyətini davam etdirir.
Quzanlı qəsəbəsində Ağdam Dövlət Rəsm Qalereyasına baxış keçirən Anar Kərimov sonra rayon Mərkəzi Kitabxanasına baş çəkib. Burada kitabxananın fəaliyyəti, kitab fondu barədə nazirə ətraflı məlumat verilib.
Səfər çərçivəsində Ağdam rayon Şəmsi Bayramov adına Xındırıstan kənd Uşaq musiqi məktəbinə baxış keçirilib. Nazirə bildirilib ki, 1969-cu ildən Ağdam rayon 1 nömrəli Uşaq musiqi məktəbinin filialı, 1982-ci ildən isə müstəqil fəaliyyət göstərən təhsil ocağı üçün 2016-cı ildə ikimərtəbəli yeni bina tikilib. 31 sinif otağı, 110 nəfərlik zal, 6 texniki otağı olan məktəbdə 160 şagird təhsil alır, 57 müəllim çalışır.
Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə gələn nazirə məlumat verilib ki, 1962-ci ildə yaradılan və 2500-dən artıq eksponatın sərgiləndiyi muzey Ağdam şəhəri işğal olunan zaman məhv edilib. 2001-ci ildən muzey öz fəaliyyətini Qaradağlı kənd Mədəniyyət evinin binasında davam etdirir. Hazırda muzeydə 1300-dən çox eksponat qorunur.
Nazir Anar Kərimov Ağdam rayonu Mahrızlı kəndindəki cəsur əsgər Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin fəaliyyəti ilə də yaxından maraqlanıb. Muzeydə R.Məmmədovun şəxsi əşyaları, onun haqqında materiallar dərc olunan qəzet və jurnallar, eləcə də kitablar sərgilənir. Muzeydə həmçinin Qarabağ döyüşlərində canlarını qurban verən igid oğulların şəxsi əşyaları, məktublar, hərbi geyimlər nümayiş etdirilir. Qeyd olunub ki, döyüş bölgəsində yerləşən Mahrızlı kəndi Vətən müharibəsi zamanı erməni silahlı qüvvələrinin atdığı raket zərbələrinə məruz qalıb. Kəndə atılmış raketlərin parçalanmış hissələri də muzeydə sərgilənir.
Daha sonra nazir Ağdam Muğam Mərkəzində konsert proqramında iştirak edib. Konsertdə “Şur” ansamblının ifasında bir-birindən maraqlı musiqi nömrələri səsləndirilib.
Anar Kərimov növbəti gündə isə Ağcabədi rayonuna səfər edib. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla birgə o, Heydər Əliyev Mərkəzinə baş çəkib, müəssisənin fəaliyyəti ilə tanış olub.
Ağcabədi rayonunun Kəhrizli kəndinə gələn nazir burada görkəmli yazıçı-dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və amal yoldaşı Həmidə xanım Cavanşir-Məmmədquluzadənin (1873-1955) ev-muzeyində olub. Nazirə bildirilib ki, ev-muzey onun mənsub olduğu ocağa – Cavanşirlər nəslinə məxsus tarixi binada yerləşir. Bu bina Həmidə xanımın vəfatından sonra əvvəlcə orta məktəb, sonra musiqi məktəbi kimi fəaliyyət göstərib. 2005-ci ildən Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı statusunda Həmidə Məmmədquluzadənin Ev-Muzeyinə çevrilib.
Muzeydə Həmidə xanımın atası, Qarabağ xanlığının və Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın nəticəsi tarixçi, şair Əhməd bəy Cavanşirin (1828-1903) tərcümeyi-hal sənədləri, nadir fotoları və əlyazmaları qorunub saxlanılır. Muzeydə, eyni zamanda, Həmidə xanımla əlaqəli çoxsaylı şəkillər, məktublar, xatirə əşyaları və nadir əl işləri nümayiş etdirilir.
Mədəniyyət naziri səfər çərçivəsində Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib. Nazirə məlumat verilib ki, 5000-dən çox eksponatın mühafizə olunduğu muzeyin binası iki mərtəbədən, 6 ekspozisiya otağından ibarətdir. Muzeyin ən qədim eksponatları arasında arxeoloqların rayon ərazisində qazıntı işləri zamanı aşkarladıqları eramızdan əvvəl VI-V minilliklərə (Neolit dövrü) aid sümükdən iynə, biz və daşdan məişət əşyaları və s. mövcuddur. Muzeydə eksponatlar “Təbiət”, “Arxeologiya”, “Etnoqrafiya”, “Görkəmli şəxsiyyətlər”, “Sovet dövrü” və “Müasir dövr” bölmələri üzrə qruplaşdırılıb.
Anar Kərimov Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq incəsənət məktəbinin fəaliyyəti ilə də yaxından maraqlanıb.
Qeyd edilib ki, 1965-ci ildə Uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayan təhsil ocağı 1986-cı ildən Üzeyir Hacıbəyli adına Uşaq incəsənət məktəbi kimi işini davam etdirir. Hazırda məktəbdə 8 ixtisas üzrə (fortepiano, tar, qarmon, kamança, nağara, xanəndəlik, rəssamlıq, xoreoqrafiya) 121 müəllim 354 şagirdin təhsili ilə məşğul olur.
Mədəniyyət nazirinin Ağdam və Ağcabədi rayonlarına səfəri təbii ki, bir sıra problematik məsələlərin həllini sürətləndirəcək, rayonların mədəni həyatlarına bir canlanma gətirəcək.
Fotolarda: Qapaq fotosu və 1-ci iç fotoda nazirin Ağdama, 2-4-cü fotolarda Ağcabədiyə səfərinin müxtəlif məqamları.