Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Biennaledə ölkəmiz “Sevmək üçün doğulanlar” (“Born to love”) mövzusundakı milli pavilyonla iştirak edir.
Şəhərin ən izdihamlı məkanlarından birində - Müqəddəs Mark Meydanındakı qədim “Procuratie Vecchie” binasında Azərbaycandan olan 7 rəssam - Juk (Nərmin İsrafilova), Infinity, Ramina Səadatxan, Fidan Kim (Novruzova), Fidan Axundova, Sabiha Xankişiyeva, Əqdəs Bağırzadənin əsərləri təqdim edilir.
Venesiya Biennalesi bütün incəsənət xadimləri və həvəskarları üçün səbirsizliklə gözlənilən hadisədir. Çünki bu, dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər sərgi-aksiya hesab olunur. Azərbaycan pavilyonunda müasir incəsənət üzrə 7 rəssam müasir texnika və üsullarla mövzu üzrə ideyalarını, eyni zamanda, ölkəmizin zəngin mədəni və tarixi xüsusiyyətlərini sərgi iştirakçılarına çatdırır.
Sərgidə təmsil olunan müəllif-rəssam Ramina Səadətxan Venesiya Biennalesində ilk dəfə iştirak etməsi ilə fəxr etdiyini deyir.
Fotoqraf-rəssam Əqdəs Bağırzadə Biennaledə “The other side of me” layihəsi ilə çıxış edir. “Bir azərbaycanlı, bir foto-rəssam kimi mən doğrudan da qürur duyuram ki, bu festivalda, bieannaledə iştirak elədim. Bu, Heydər Əliyev Fondunun dəstəyi və iştirakı ilə ərsəyə gəlib. Doğrudan da Azərbaycanı burada təmsil etmək bizim üçün böyük məsuliyyətdir”, - deyə o qeyd edib.
Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların yaradıcılığının inkişafına dəstək verən layihələr həyata keçirir. Venesiya Biennalesində iştirak da bunlardan biridir.
İki ildən bir keçirilən Venesiya Biennalesində ölkəmiz 2007-ci ildən iştirak edir. Azərbaycan bu il artıq 8-ci dəfədir müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunan Venesiya Biennalesində təmsil olunur. Venesiyadakı Azərbaycan pavilyonu noyabrın 27-dək açıq olacaq.