Azərbaycana ermənilərlə vuruşmaq üçün gəlib şəhid olmuş 20 yaşlı qazax gəncinin doğmaları 28 ildən sonra tapıldı Featured

 

 “Ədəbiyyat və incəsənət” portalı tanınmış jurnalist Aida Eyvazlının olduqca təsirli bir yazısını oxuculara təqdim edir. Söhbət Azərbaycana gəlib erməni qəsbkarları ilə vuruşan və şəhid olan qazax gənci Erbol Barımbetovun acı taleyindən gedir. Oxuyun və düşünün. Görün hansı daşın dibində hansı səhvlərimiz gizlənib qalıb.

 

 

 Yenə yuxudan hövlanak ayıldı Elxan Şıxəliyev. 1994-cü ildən bu yana, təkcə Elxan Şıxəliyev deyil, onunla birlikdə eyni taborda Vətən  uğrunda, Qarabağ uğrunda döyüşüb sağ qalan dostlarının hamısı həmin yuxuları görürdülər. Onların yuxularına gəlirdi  Erbol.  Gördüyü yuxuda 20 yaşlı Erbol ondan ata-anasını, qardaşlarını soruşurdu. Deyirdi ki, bəs niyə gəlmirlər? Nə zaman gələcəklər?

Və onda bir də baxırdı ki, Erbol yenə incik şəkildə üzünü çevirib  buludlara qovuşub yox oldu...

776-cı kəşfiyyat taborunun döyüşçüləri 1994-cü ildəki Vətən müharibəsindən sağ çıxsalar da,  onlarla eyni səngərdə döyüşüb şəhid olan dostlarını heç vaxt unutmurdular. O rəşadətli  əsgərlərin hamısı Şəhidlər Xiyabanında dəfn olunmuşdu.  Onların arasında  indi tez-tez məzarını ziyarət etdikləri 20  yaşlı Erbol Turexan oğlu Barımbetov da var idi. 1974-cü ilin 1 iyulunda  Qazaxstanın Cambul Vilayətində  doğulmuşdu Erbol.  Azərbaycanın torpaqlarını ermənilər işğal etməyə başlayanda Erbol Barımbetov məktəbi əla qiymətlərlə təzəcə bitirmişdi. Öz biliyi və savadı ilə məktəbdə seçilən şagirdlərdən idi. Tarix və ədəbiyyat üzrə fənn olimpiadalarında, güləş yarışlarında da qalib gəlirdi. Lakin 1992-ci ildə Karaqanda Dövlət  Universitetinin tarix fakultəsinə sənədlərini versə də, istənilən balı toplaya bilməmişdi.

1992-ci ilin payızında  yenicə müstəqillik qazanan Qazaxıstanın  hərbi sıralarında xidmətə çağırılmışdı.  6 ay müddətində Kapçekay hərbi desant bazasında hərbi xidmət keçmişdi. Lakin günlərin bir günü hərbi hissə komndanlığından Erbol  Barımbetov Turexanoviçin hərbi hissəni özbaşına tərk etməsi barədə xəbər verilmişdi. O gün -bu gün Erbolu axtarmağa başlayan atası Turexan oğlunun harada olması barədə heç yerdən xəbər öyrənə bilməmişdi. Onu artıq Qazaxıstanda itkin kimi qeydiyyata almışdılar.

 

***

 

Erbol “itkim düşəndən” bir qədər sonra - 1993-cü il may ayının 7-də evlərinə telefon açaraq özündən kiçik qardaşı Nurbol ilə danışır və deyir ki, anama de ki, narahat olmasın. Mən Azərbaycanda Xanlar rayonundayam. Ayağımdan yaralanmışam. Bir–iki günə hospitaldan çıxacam. Hər şey yaxşıdır. Tezliklə görüşəcəyik.

Və bir də  elə həmin ilin iyun ayının əvvəllərində qardaşına telefon açaraq onu məktəbi bitirməyi münasibəti ilə təbrik edir, yenə onu ümidləndirir ki, məndən narahat olmayın.

O gündən sonra, ailə oğlundan bir xəbər eşitmir...

Bəs Erbol Barınbetov Azərbaycana necə gəlib çıxmışdı? Bu sualların cavabını   dünən II Şəhidlər Xiyabanında Erbol Barınbetovun məzarı başına toplaşan dostları cavablandırdılar.

Azərbaycan torpaqlarının azadlığı uğrunda canından və qanından keçmiş Erbol Barınbetovun ziyarətinə gələn  döyüş dostları 776  saylı əlahiddə taborun komandir müavini Saleh Əliyev, qərərgah rəisi Yaşar Nəsibov, Tərtərin hərbi prokuroru vəzifəsində çalışmış  Yusif Ağayev,  mayor  İsgəndər Ağayev, Mürvət Əliyev,   kapitan Rövşən Babayev, bölük komandiri komandiri kapitan Elxan Şıxəliyev, Mehman Əliyev, Teymur İsmayılov, Elçin Məmmədov, Fərzəli Pəsərək, Rəşid Əliyev onu belə xarakterizə etdilər:

 

Saleh Əliyev:

- Erbol bizim tabora 1994-cü il fevral ayının 13-də qəbul olunmuşdu. Bilirdik ki, könüllü Azərbaycan Silahlı Qüvvələrinin Ordu sıralarına yazılıb.  Bu alçaq boylu, dolubədənli 19 yaşlı qazax oğlu ilk gündən biz hərbçilərin diqqətini cəlb etdi. Verilən tapşırıqları çox cəld və çevikliklə yerinə yetirirdi. Dövlət əhəmiyyətli əməliyyatlarda, düşmən arxasında apardığımız kəşfiyyatlarda xüsusi peşəkarlıq nümayiş etdirirdi. Bizim ədalətli mübarizəmizə əsil türk oğlu, qazax balası kimi  cani dildən qoşulmuşdu.  Bizə qədər isə onu 472 saylı kəşfiyyat taboruna xidmətə götürmüşdülər. Onun haqqında verilən xasiyyətnamədə yazılmışdı ki, 8 dəfə ən çətin döyüş tapşırıqlarını yerinə yetirib. Kəlbəcərdə, Qazaxda, Murovdağ istiqamətində düşmən arxasına keçərək 8 dəfə onlara güclü həmlələr etmiş və apardığı əməliyyatlar sayəsində düşmən ordusunun böyük itkilər verməsinə nail olmuşdu. Həmin tabor ləğv edildikdən sonra, onu bizim tabora göndərmişdilər.  Elə taborda xidmətə gəldiyi gündən  Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Eldar Ağayev (şəhiddir)  onu qrup komandiri vəzifəsinə təyin etmişdi. Kəşfiyyata gedənlərin qrup  rəhbəri idi. Ən çətin əməliyyatlar da ona etibar edilirdi. Tərtər rayonunun qorunmasında xüsusi xidmət göstərmişdi. Onun vaideynlərini, doğmalarını  düz 28 ildir ki, axtarırdıq. Qazaxıstanın Müdafiə Nazirliyinə, Azərbaycandakı səfirliyinə dəfələrlə müraciət etmişdik. Belə başa düşürəm ki, onun qohumlarının gec tapılmasında həm də sənədlərdə yazılan adlarda “hərif”  problemi var idi. Lakin sonralar biz dövlət arxivindən onun sənədlərini əldə edə bildik. Və yalnız bundan sonra axtarış sürətləndi. Nəhayət ki, bu gün onun xalası oğlu Ermek və qardaşı Nurbol gəlib  şəhidimizi  II Fəxri Şəhidlər Xiyabanında tapdılar. 

 

Mehman Məmmədov:

-Erbol bizim kəşfiyyat qrupunun komandiri idi. Aprelin 20-dən 21-nə keçən gecə bizim son döyüşümüz oldu. Doqquz nəfərdən ibarət olan kəşfiyyat qrupu düşmənin arxa tərəfinə keçmək haqqında tapşırıq almışdıq. Biz ermənilərin Tərtər ərazisinə hücum planını pozmalı və onların nə qədər qüvvəyə malik olmaları haqqında  məlumatlar toplamlı idik. Ermənilər bizim səngərlərimizi ələ keçirmişdi.  Postlarımızı geri almaq üçün əvvəlcə düşmənin minomyot  batareyasını zərərsizləşdirməli idik. Baxdıq ki, 50-60 nəfərdən ibarət düşmən bizə tərəf xeyli irəliləyib.  Hava artıq qaralmağa başlamışdı. Erbol Berinbetovun əmrinə əsasən PK, RPK kimi silahlardan atəş açdıq və xeyli sayda erməni qüvvəsini məhv etdik. Tez bir zamanda ermənilərdən postlarımızı geri götürdük. Onların birinci taborunun həmləsini dəf etdik. Ətraf erməni meyitləri ilə dolu idi.  Düşmənin başı meyitlərini daşımağa qarışanda biz onların arxasına keçdik. Yenə bərabər olmayan döyüşdə düşmənə xeyli itki verdirdik.Geriyə qayıdarkən artıq gecədən xeyli keçmişdi, qaranlıq idi. Öz postumuza yaxınlaşırdıq.  Bir qrup erməni kəşfiyyatı arxa tərəfimizə  keçib, geriyə qayıdan qrupumuzu  mühasirəyə saldı və minomyotlarla bizi atəşə tutdular. Bizim kəşfiyyat qrupu Tərtər və Ağdərə arasında beləcə pusquya düşdü. Mən dörd güllə yarası aldım... Tez-tez huşum gedib –gəlirdi... Ayılanda özümü hospitalda gördüm. Sonradan bildim ki, həmin əməliyyata gedən  9 nəfərdən sağ qalan təkcə mənəm. Erbol Turexan oğlu Berinbetov, Vüqar Eldar oğlu Səfərov,  Nail Aslan oğlu Məmmədov, Fuad Məhərrəm oğlu Nəsirov,  Seyfəddin Ağasəf oğlu Yunusov, Rüstəm Qənimət oğlu Qasımov, Zaur Misir oğlu Nağıyev, Xeyrəddin Ələddin oğlu Əliyev uğurlu bir kəşfiyyat əməliyyatını yerinə yetirib şəhid oldular...

 

Teymur İsmayılov:

- Onunla bir yerdə qulluq etmişik. Ən ağır döyüşlərə yollanmışdıq. Çox vətənpərvər oğlan idi. Savadlı idi. Elə bil ki, burada doğulmuşdu. Döyüş məharəti böyük, özü isə aramızda ən kiçiyimiz idi. O tarixi gözəl bilirdi. Biz ondan Azərbaycana döyüşməyə gəlməyinin səbəbini soruşanda deyirdi ki, mən babalarımın qisasını alıram. 1939-cu ildən sonra Qazaxıstanın rəhbəri olan Mirzoyan ən savadlı qazax oğlanlarının kökünü kəsib. Bizim nəsillərimizi, şəcərələrimizi məhv edib. Hər erməni öldükcə, həm də babalarımın qisasını alıram.

 

Elxan Həsənov:

-İllər keçib, lakin biz 776-cı taborun  kəşfiyyat qrupunun döyüşçüləri Erbolu bir gün də unutmamışıq.  Nə zaman Şəhidlər Xiyabanına gəliriksə, onun məzarına baş çəkir, həmrəylik şəkli çəkdiririk.  Erbol azərbaycanlı kəşfiyyatçılar içərisində, xüsusi təyinatlıları arasında əfsanəvi bir döyüşçü idi. 1994-cü ildə bizim gözümüzün qabağında gedən döyüşlərdə düşmən arxasına sızaraq döyüşün müqəddəratını həll edən döyüşçülərdən biri olub, düşmənə zərbələr endirib, böyük itkilər verdirib. Kəşfiyyatçılar arasında döyüş salnaməsinə adını böyük hərflərlə yazıb, özünəməxsus iz buraxıb. Düz 28 ildir ki, onun doğmalarını axtarırdıq. Bilirdik ki, valideynləri onun taleyindən xəbərsizdirlər. Artıq  qardaşının Qazaxıstandan gətirdiyi ana vətəninin torpağı da onun ruhunu şad edəcək. 

 

Elxan Şıxəliyev, 776- cı kəşfiyyat  taborunun bölük komandiri:

 

- Erbol öz yaşına görə böyük qəhrəman idi. Onun qəhrəmanlığından hər gün yazmaq, danışmaq, onu dünyaya tanıtmaq bizim borcumuzdur. Həmin döyüşlərdən sağ çıxanlarımızın hər biri Erbolun valideynlərinin axtarılmasında əmək sərf etmişik. Çünki, ona bir vədimiz, borcumuz var idi. Belə qəhrəmanlar hər zaman yetişmir.  Mən onunla dəfələrlə kəşfiyyata getmişdim. Bir dəfə isə 10 gün mühasirədə qalmışdıq. Ac və suzsuz günlərimizdə bir-birimizə arxa olduq. Onun  meşə ərazisində hərəkət etmək qabiliyyəti bizi mühasirədən xilas edə bildi. 1994-cü ilin martında yenə bir qrup kəşfiyyatçımız ilə pusquya düşmüşdü. Həmin qrupu da xilas edəndə ayağından yaralanmışdı. Onu döyüş bölgəsindən təxliyə edərək  hospitala göndərdik. Lakin sağalan kimi yenidən döyüşə, bizim xüsusi təyinatlı taborumuza qayıtdı. İndi ürəyimiz də, vciadanımız da rahatdır. Çünki doğmaları  qazax elinin qəhrəman türk oğlunun yerini, məzarını gəlib tapdılar.

 

***

 

Erbolun qardaşı Nurbol Barınbetov qardaşının baş daşına söykənib qucaqlasa da , əvvəlcə burada yatan qəhrəmanın qardaşı olduğuna inanmamışdı. Yalnız 20 nəfərdən çox döyüş yoldaşlarının məzara yaxınlaşdığını görəndə hönkür-hönkür ağlamağa başladı. Onların hər birini qucaqlayıb, başını onların çiyninə qoyub susurdu. Sanki qardaşının 28 il əvvəlki ətrini onlardan almaq istəyirdi. İllərin həsrətini, acısını göz yaşları ilə ovutmaq istəyirdi...

 

Sonra şəhidin məzarı üstündə Quran oxundu. Erbol  Cambul vilayətinin Turar Rıskulov rayonunun Canaturmıs kəndində dəfn edilən ata-anasının məzarından gətirdiyi torpağı qardaşının məzarı üstünə səpdi. Əlləri ilə qardaşının  daş divardan boylanan şəklini tumarladı... Baxdı-baxdı... Yəqin ki, özündən böyük qardaşına deyirdi ki, Erbol, anamız Satkul sənin yolunu gözləyə-gözləyə oğul həsrəti ilə 2012-ci ildə dünyadan köçdü... Atamız Turexan da dünyaya gözlərini yumanda yenə səni arzuladı... Son vəsiyyəti belə oldu: harada olsa da oğlum Erbolun sağ və ya ölü xəbərini öyrənin, bu itkini qiyamətə saxlamayın...

 

Bir də ki, Erbol qardaşının yuxularına gələndə öz üzünü göstərmirdi.  Lakin yuxularda qardaşına deyirdi ki, mən rahat yerdəyəm. Ancaq ki, gəlin, sizi gözləyirəm. Niyə gəlmirsiniz... Yerim çox gözəldir...

 

Daha sonra qardaşı Erbolun da məzarından torpaq götürüb əlindəki torbaya yığdı. Bu torpağı isə  Canaturmıs kəndinin qəbristanlığında uyuyan ata-anasının məzarına səpəcək...

 

Bu yazıda ən təsirli notlara keçid alıram. Erbola hələ də şəhid statusu verilməyib. Bu ədalətsizlik, haqsılıq haradan qaynaqlanıb, bilən yoxdur. Məgər biz xalq olaraq o qədər laqeydikmi ki, rahat həyatını atıb gəlib bizim üçün canını qurban verən bir əcnəbinin haqqını quruca bir adla qaytara bilmirik?

 

Qazax xalqının qəhrəman oğlu Erbol Barinbetovun döyüş yoldaşları Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevə müraciət edərək Azərbaycan  torpaqlarının azadlığı uğrunda düşmənlə qorxmadan döyüşə girən, dövlət üçün xüsusi əhəmiyyəti olan saysız-hesabsız uğurlu əməliyyatlarda iştirak edən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından və qanından keçən 20 yaşlı qəhrəman qazax oğlunun  adının şəhid kimi əbədiləşdirilməsi və özünə layiq fəxri adla mükafatlandırılması üçün  müraciət ünvanlayıblar. Hamımız inanırıq ki, tez bir zamanda bu müraciət öz ünvanını tapacaq. 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.