Bakı şəhərinin Nərimanov rayonundakı 45 saylı tam orta məktəbdə Vətən qəhrəmanlarının xatirəsi hər zaman hörmətlə yad edilir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən gün məktəbin 6 d sinif şagirdləri “Aprel döyüşləri: zəfərə gedən yol” ədəbi-musiqili kompozisiyasını təqdim ediblər.
Məktəblilər Vətən torpağının azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlıq yolundan, onların döyüşlərdə göstərdiyi şücaətdən və şəxsi həyatlarından bəhs edən musiqili səhnəciklərlə öz istedadlarını nümayiş etdiriblər. Onların səhnəcklərində Dədə Qorqud, Molla Pənah Vaqif, Azərbaycan torpağının qəhrəmanları bir arada olub. Dədə Qorqud obrazını Nadir Tanrıverdiyev, Molla Pənah obrazını Davud Rzayev yaradıb. Məktəbin səhnəsindən böyüklərə və balacalara örnək olan öyüdlər, alqışlar səslənib. 6 d sinfinin qızlarının rəqsi isə (yeri gəlmişkən, bu rəqslərdə hətta yüksək peşəkarlıq notları da duyulurdu) əsil Zəfər notlarına köklənmişdi.
Məmmədəli Həsənov Vətən müharibəsi şəhidi, Salyanda doğulub boya-başa çatan Sultan İbarhimovun obrazını təqdim edib. Hikmət Sultanlı və Nuray Axundova Aprel döyüşlərində şəhid olan polkovnik Sənan Axundovun döyüşə yola düşmə məqamını səhnələşdiriblər. Mehriban Mirmövsümovanın ifasında səslənən “Xarı bülbül” və Zəfər nəğmələri də tədbirə tamaşa edən hər bir kəsin ruhunu oxşayıb: balaca fidanların hazırladıqları “Aprel döyüşləri: zəfərə gedən yol” ədəbi-musiqili kompozisiyasının tamaşaçıları həm məktəbin müəllim və şagird kollektivi, şəhid Sultan İbrahimovun valideynləri Malik və İlhamə İbrahimovalar, həm də aprel və Vətən müharibəsi döyüşlərinin iştirakçısı, “Azərbaycan bayrağı” ordenli kəşfiyyat idarə rəisi polkovnik-leytenant Etibar Camalov, Nərimanov rayonu Gənclər və İdman idarəsinin rəisi Nəcəf Nəcəfov, yazıçı Varis və araşdırmaçı jurnalist Aida Eyvazlı idilər.
Tədbirdə iştirak edən şəhid Sultan İbarhimovun valideynləri Vətən qəhrəmanlarını unutmadıqları, onların xatirəsini əbədiləşdirdikləri üçün 45 saylı məktəbin şagirdlərinə və müəllimlərinə ürək sözlərini söyləyiblər. Tədbirdə iştirak edən qonaqlar da məktəbin direktoru Nəcibə Axundovaya və müəllim heyətinə məktəbdə yaratdıqları gözəl mühit və ab-havaya, təhsil şəraitinə, savadlı uşaqlar yetişdirdiklərinə görə minnətdarlıqlarını bildiriblər.
Yazıçı Varis “Qırmızı ləçəklər”, jurnalist Aida Eyvazlı isə “Qalibiyyət: şəhidlər və şahidlər” kitablarını məktəbə hədiyyə ediblər. Nərimanov rayonu Gənclər və İdman idarəsinin rəisi Nəcəf Nəcəfov isə şəhid Sultan İbrahimlinin idmançı olmasını nəzərə alaraq bu ilin may ayında onun adına xatirə turniri təşkil ediləcəyi vədini verib.
Tədbirin sonunda məktəbin direktoru Nəcibə Axundova “Şahinlər” hərbi vətənpərvərlik oyununda 3-cü yeri qazanan məktəb şagirdlərini təbrik edib, onlara sertifikat və medallar təqdim edilib. Daha sonra Nəcibə Axundova rəhbəri olduğu məktəbdə hökm sürən hərbi vətənpərvərlik ruhundan, təhsildə qazanılan uğurlardan, eləcə də Aprel döyüşlərindən - Zəfərə qədər yol gələn qəhrəmanlarımızdan, Ali Baş Komandan İlam Əliyevin şəhid və qazi ailələrinə göstərdiyi qayğıdan danışıb.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə sonuclanıb.
Bu cür tədbirlər məktəblilərdə əsl Vətən sevgisi oyadır. Yetər ki, mütəmadi olaraq ölkəmizin bütün məktəblərində belə tədbirlərin keçirilməsi bir ənənə şəklini alsın.