Aprelin 20-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin “Səhnədən səngərə: Qazilər” layihəsi çərçivəsində mədəniyyət naziri Anar Kərimovun qazilərlə görüşü keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə tədbiri açaraq “Səhnədən səngərə” layihəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, 44 günlük Vətən müharibəsində tarixi Qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda sağlamlığını fəda edən, xalqımıza sonsuz sevinc və qürur hissləri yaşadan şəhid və qazilərimiz hər bir azərbaycanlının qəlbində taxt qurub: “Vətən müharibəsində şəhid olmuş qəhrəman mədəniyyət işçilərinin xatirəsini əbədiləşdirmək məqsədilə nazirlik tərəfindən "Səhnədən səngərə: şəhidlər" layihəsi həyata keçirilib. Layihə üzrə mədəniyyət işçilərindən 8 nəfər şəhid haqqında ictimaiyyətə geniş məlum təqdim olunub”.
Şöbə müdiri deyi ki, Vətən müharibəsində iştirak edən mədəniyyət işçilərindən 12 nəfər isə qazilik ünvanı alıb. Adlarını Azərbaycanın tarixinə əbədi həkk etmiş bu igidlərin bütün ölkə ictimaiyyəti tərəfindən daha geniş tanınması məqsədilə nazirlik daha sonra “Səhnədən səngərə: qazilər” layihəsini gerçəkləşdirib. Layihə çərçivəsində qazi mədəniyyət işçilərimiz haqqında videoçarxlar hazırlanıb. “Salnaməfilm” studiyası tərəfindən lentə alınan bu materiallarda onların 44 günlük müharibədə göstərdikləri şücaət, ailə üzvləri, döyüş yoldaşları ilə söhbət və s. yer alıb.
Vətən müharibəsində qazi olmuş mədəniyyət işçilərinin müharibə və Qələbə təəssüratlarını əks etdirən videoçarxın nümayişindən sonra söz mədəniyyət naziri Anar Kərimova verilib. Vətən müharibəsində uğurumuzun əsasında dayanan milli birlik faktının önəmini qeyd edən nazir deyib: "Vətən müharibəsində qalibiyyətdən sonra bütün dünya Azərbaycan xalqının böyüklüyünü, möhtərəm Prezidentimizin diplomatik uğurlarını, Ali Baş Komandan kimi səriştəsini, Ordumuzun qüdrətini gördü. Xalqımızın müharibə dönəmində və ondan sonrakı dövrdə bir yumruq şəklində birləşməsi gələcək nəsillər üçün həqiqi örnəkdir. Biz mədəniyyətimizə, öz kimliyimizə, öz kökümüzə bağlı xalqıq. Bu savaşa sizləri göndərən də məhz o milli kimliyə, kökə bağlılıq və məsuliyyət oldu. Siz eyni zamanda iki cəbhədə vuruşmusunuz: müharibə vaxtı səngərdə, müharibədən əvvəl və sonra isə mədəniyyət sahəsində. Bu, böyük bir qəhrəmanlıqdır. Hazırda qloballaşma dövründə yaşayırıq və təəssüf ki, dəyərlərin aşınması prosesi gedir. Biz mərdlik, dönməzlik, şücaət kimi anlayışları sizlərin simasında yeni nəsillərə ötürürük”.
Daha sonra nazir Anar Kərimov qazilərə fəxri fərmanlar təqdim edib.
Tədbirin bədii hissəsində qazilərdən bəstəkar Vüqar Məmmədzadənin kvartet üçün əsəri, opera ifaçısı Atəş Qarayevin ifasında A.Zeynallının “Ölkəm” romansı və rəqqas Firdovsi Eyvazovun ifasında “Uzundərə” rəqsi təqdim olunub.
Sonda xatirə şəkilləri çəkdirilib.