İşğaldan azad edilən ərazilərimizdə rast gəlinən erməni vandalizmi izlərinə dünyanın diqqətini cəlb etmək indi prioritet məsələdir. Aprelin 17-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti ICOMOS-un (UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Komissiyası) vitse-prezidenti, milliyyətcə türk Zeynəb Gül Ünal ilə birgə Ağdam şəhərinə səfər edib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən bildirir ki, səfərdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov və ICOMOS Azərbaycanın prezidenti Sədaqət Davudova da iştirak edib.
Səfər çərçivəsində Ağdam şəhərində yerləşən və dağıntılara məruz qalmış “İmarət” kompleksi, Şəhidlər xiyabanı, Dram teatrı, Cümə məscidi, Çörək muzeyi, Şahmat evi, Şahbulaq qalası, Qiyaslı kəndində yerləşən məscidə baxış keçirilib.
Qonaq gördüyü mənzərədən sarsıldığını ifadə edib.