Bakıda Gürcüstanın tanınmış mədəniyyət xadimləri ilə görüş keçirilib

 

Ötən gün Milli İncəsənət Muzeyində Gürcüstandan gəlmiş mədəniyyət xadimləri ilə görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, görüşdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli qonaqları salamlayaraq onlara ölkələrimiz arasındakı strateji tərəfdaşlığın mədəniyyət sahəsində də əlaqələrin inkişafına geniş imkanlar yaratdığını bildiriblər.

Bu il Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün tamam olduğunu qeyd edən Sevda Məmmədəliyeva deyib: “Bizim dostluğumuz qədim tarixə malikdir. Bilirəm ki, sizin aranızda incəsənətin müxtəlif istiqamətləri üzrə tanınmış mütəxəssislər var. Sabah sizi Şuşaya səfər gözləyir”.

Fərhad Bədəlbəyli bir çox tanınmış Azərbaycan musiqiçilərinin həyat və yaradıcılığının Gürcüstanla bağlı olduğunu söyləyib.

Çıxışlarda hər iki ölkənin qədim tarixə və zəngin mədəni irsə sahib olduğu, birgə mədəni tədbirlərin təşkilinin iki ölkə arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynadığı vurğulanıb.

Görüşdə 30 ilə yaxın işğal dövründə Azərbaycanın maddi mədəniyyət nümunələrinə qarşı ermənilər tərəfindən edilən vandalizm və qəddarlıq, həmçinin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə nümayəndə heyətinə məlumat verilib.

Natiqlər Gürcüstan və Azərbaycan musiqi və mədəniyyətinə dair fikirlərini bölüşüblər.

Sonda hər iki xalqa məxsus musiqi nömrələri səsləndirilib.

Qeyd edək ki, nümayəndə heyəti bi gündən başlayaraq aprelin 17-dək Gəncə, Füzuli, Cəbrayıl, Şuşa, Ağdam şəhərlərinə səfər edəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.