Rerix paktı və ya bu gün Beynəlxalq İncəsənət Günüdür Featured

 

Bu gün - aprelin 15-i mədəniyyət təqviminin əlamətdar günlərindən biridir. 1935-ci ilin bu günündə “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” Vaşinqton razılaşması (“Rerix paktı”) imzalanıb. 

 

1998-ci ildə “Mədəniyyətin Müdafiəsi Beynəlxalq Liqası” adlı ictimai təşkilat bu tarixin “Beynəlxalq İncəsənət Günü” kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib. Həmin gündən etibarən, 15 aprel bir sıra ölkələrdə, o cümlədən, Azərbaycanda müxtəlif tədbirlərlə qeyd olunur. Azərbaycan qədim zamanlardan dünya mədəniyyətinin zəngin bir parçası kimi tanınıb və bəşəriyyətin mədəni inkişafına öz töhfələrini verib. Azərbaycan xalqı tarixən öz mədəni özünəməxsusluğunu qoruyaraq, gələcək nəsillərə ərməğan edib. Ölkəmizdəki bu özünəməxsusluq həm də çoxmədəniyyətliliklə bağlıdır. Yəni, tarixən müxtəlif dinə, etnik mənsubiyyətə malik xalqlar Azərbaycanda tolerant şəkildə yaşayıblar. Dünyaya örnək olan bu birgəyaşayış ölkəmizdə problemlərlə, qarşıdurmalarla deyil, mədəni zənginliklə müşayiət olunub. Bu gün Azərbaycan malik olduğu zəngin mədəni irslə beynəlxalq aləmdə məşhurdur. Həmçinin, ölkəmiz dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir, Azərbaycanın mədəni dəyərləri bu qurum vasitəsilə dünyada təbliğ olunur. 

UNESCO-nun müvafiq siyahılarında çox sayda maddi və qeyri-maddi mədəni irs nümunəmiz yer alır. Mədəni irsimizin qorunması, gələcək nəsillərə çatdırılması və dünyada tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyəti ilə yanaşı, dünya mədəni irsinin qorunması və bərpasına da öz töhfələrini verir. Bu da onu göstərir ki, Azərbaycan mədəniyyət məfhumuna qlobal kontekstdə yanaşır, bir bütün olaraq qəbul edir. Bu, eyni zamanda, özünü hər il ölkəmizdə təşkil edilən beynəlxalq festivallarda, rəngarəng mədəni layihələrdə daha aydın göstərir. Dünyaca məşhur incəsənət xadimləri ölkəmizə gələrək, həm öz mədəniyyətlərini nümayiş etdirirlər, həm də Azərbaycandakı mədəni çeşidliliklə tanış olurlar.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin yeni tərkibinin yorulmaz əmək sərgiləyərək mədəniyyətimizin inkişafına, beynəlxalq mədəniyyətə inteqrasiyasına verdiyi töhfələri də qeyd etmək yerinə düşərdi. Bir baxın, mədəniyyət naziri Anar Kərimov, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin digər səlahiyyətli şəxsləri hər gün hansısa bir mötəbər mədəniyyət hadisəsinə şahidlik edirlər, görüşlər keçirirlər, media qarşısında dayanıb açıqlamalar verirlər, beynəlxalq tədbirlərə qatılırlar. Nazirliyin fəaliyyət proqramı, iş qrafiki dedikcə sıxdır. 

Bütün bunlar onu deməyə əsas verir ki, bizim mədəniyyətimiz çiçəklənməkdədir, biz dünya mədəniyyəti ilə sıx bağlıyıq və mədəni əlaqələrimiz sərhədlərə sığmır. 

Azərbaycan mütərəqqi mədəni ideyalara, beynəlxalq konvensiyalara qoşulmaqla qalmır, eyni zamanda, onların gerçəkləşməsinə real dəstək verir.

Demək ki, Nizami yurdu haqlı olaraq dünyanın mədəniyyət beşiklərindən biri sayılmağa iddialıdır. 

Biz Beynəlxalq İncəsənət Günü münasibətilə bütün mədəniyyət və incəsənət xadimlərimizi səmimi qəlbdən təbrik edirik!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.