BDU-nun SABAH qrupları Aprel döyüşləri iştirakçıları və yazarlarla görüşüblər

 

Aprel döyüşlərinin 6-cı ildönümündə ölkəmizdə müxtəlif tədbirlər keçirilir, 44 günlük Vətən müharibəsindəki qalibiyyətə ilk cığır açan bu döyüşlərin şəhidləri yad edilir, qaziləri gündəmə gətirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, belə tədbirlərdən biri də Bakı Dövlət Universitetində keçirilib. SABAH qrupu tələbələri Qarabağ müharibəsi və Aprel döyüşü qaziləriylə, yüksək çinli zabitlərlə, eləcə də qələmlərini süngüyə çevirmiş yazarlarla görüşüblər.

BDU-nun dəyirmi akt zalında baş tutan, Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə  həyata keçirilən tədbir Dövlət himnimizin səslənməsiylə, Aprel döyüşlərində, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda bütün döyüşlərdə həlak olan şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsiylə başlaylb. 

Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli tədbiri açaraq 2016-cı ilin aprel ayında baş verən döyüşlər haqqında qürurla danışıb: “Cəmi 4 gün  çəkən bu vətən savaşı nəticə etibarilə noyabr zəfərimizin ilk qığılcımı, qələbəyə aparan yolda ilk addım, ilk zəfər qoxusu idi. Həmin günlərdə, eləcə də sonrakı  tarixi qələbələrimizdəki sevinci xaqlımıza yaşadan şəhidlərimizi ehtiramla anırıq, döyüşçülərimizlə fəxr edirik”.

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova, I Qarabağ, Aprel döyüşləri, Vətən müharibəsi iştirakçıları və qaziləri-  komando qrupunun komandiri Ramiz Məmmədzadə, çəsur döyüşçümüz İbrahim Həsənov, polkovnik -leytenant İntiqam Məhərrəmov, polkovnik-leytenant Nihad Abdullayev, polkovnik-leytenant Akif Rəhimov, komando birliyinin kəşfiyyatçısı Vidadi Əliyev, XTQ-nin ehtiyatda olan hərbi qulluqçuları Natiq Mehdiyev və Elməddin Novruzov döyüş yolları haqqında danışıblar, müharibə xatirələrini tələbələlə bölüşüblər.

Yazıçı Varis və araşdırmaçı -jurnalist Aida Eyvazlı Göytürk isə çıxışlarında Aprel döyüşlərinin tarixi əhəmiyyəti, gənclərin vətənpərvərlik ruhunun yüksəlməsi yönündə bu döyüşlərin əhəmiyyətini qeyd ediblər, ədəbiyyatın, kitabın vətənpərvərlik hisslərinin oyanmasında rolundan bəhs ediblər. 

Yazıçı Varis  Azərbaycanın Milli Qəhrəmanı  Əlif Hacıyevin həyatından və Xocalı qətliamından bəhs edən “Qırmızı ləçəklər” romanını, jurnalist Aida Eyvazlı Göytürk isə Aprel döyüşlərinin qəhrəmanlarından bəhs edən ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər” kitablarını ən yaxşı nəticə əldə edən tələbələrə hədiyyə etdiklərini bildiriblər.  

SABAH qrupu tarix müəllimliyi ixtisaslaşmasının İV kurs tələbəsi Fizzə Məmmədovanın şəhidlərimizə həsr etdiyi “Şəhidim, sənə söz verirəm...” şeiri alqışla qarşılanıb.  

Sonda SABAH qrupu hüquqşünaslıq ixtisasının II kurs tələbəsi Zübeyir Bağırzadənin ifa etdiyi “Cənab leytenant” mahnısına tədbirin bütün iştirakçıları da ifaları ilə dəstək veriblər.  

Xatırladaq ki, Aprel döyüşlərinə həsr olunan bu görüş Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Müharibə veteranlarına və onların ailə üzvlərinə psixoloji yardımların təşkili” layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi müharibənin doğurduğu psixoloji problemlərin nəticələrini aradan qaldırmaqla müharibə iştirakçılarının və onların ailə üzvlərinin  sosial adaptasiyasına  yardım etməkdir.  

SABAH-ın tələbələləri yəqin ki, bu yaddaşlara yazılan tədbiri uzun zaman unutmayacaqlar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.