Qarabağ səfərlərində həmişə qarışıq bir hiss hakim kəsilir: həm ora doğru can atırsan, həm də arzulayırsan ki, vaxt gec getsin ki, bir az bu səfəri gözləməyin həyəcanının dadını çıxarasan.
Bakıdan çıxanda isə istəyirsən hamının qabağını kəsib deyəsən ki, vallah, Şuşaya, Laçına, Kəlbəcərə, Hadruta... gedirəm.
Artıq Füzuliyə çatanda müharibənin izləri görünməyə başlayır - daha doğrusu, erməni vandallığının. Dağılmış evlər, binalar bir-birinin ardınca maşının şüşəsindən ötüb keçdikcə düşünürsən - hər ev bir taledir, burada hər kəs öz taleyini sanki yarımçıq qoyub gedib, gəlib indi davamını yaşamalıdır. Bu bəxtsiz evlər də öz talelərinin davamını yaşamaq üçün sahiblərini gözləyir...
Uşaqlar oyuncaqlarını gəlib tapacaq, 20 yaşlı oğlanlar sevgilərini, babalar çəliklərini...
Füzulidə ilk postdan öncə Alxanlı kəndidir, erməni terrorunun qurbanı olan balaca Zəhranın kəndi.
Kəndin yaxınlığında otlaqlar var. Adını soruşmağı unutduğum çobanla söhbətləşirik. Deyir, qoyunlarımızı əvvəl də burda otarırdıq, indi də... Əvvəllər ermənilərə görə qabağa gedə bilmirdik, indi də minalara görə.
***
Düşmənin keçilməz hesab etdiyi Ohanyan səddi Füzulidə, Alxanlı kəndindən dərhal sonra başlayır. Keçmiş üzümlüklər olan sahədə beton dirəkləri sökməyərək aralarını minalarla dolduran düşmən belə səddin ilk xəttini yaradıb. Daha sonra xəndəklər qazıb, müxtəlif maneələr düzəldib, ancaq Azərbaycan əsgərinin qarşısını bu maneələrin heç biri ala bilməyib. Ohanyanları hamıdan qabaq qaçıb...
***
İnşaatçılarımız indi əsgərlərimizin bizim üçün açdığı yolu rahatlatmaq, genişlətməklə məşğuldurlar. Nəhəng yol-infrastruktur layihələri icra olunur: təkcə köhnə yollar bərpa olunmur, həm də dağları yararaq yeni yollar çəkir mühəndislərimiz.
Füzulidən Şuşaya gedən yol parıldayır - girişindəki "ZƏFƏR YOLU" yazısı isə qürurla dayanır. Hadruta ayrılan yol hələ ki, hazır deyil, sürətli iş gedir.
***
Hadrutun başı və döşü qarlı dağları uzaqdan görünür. Qəsəbəyə girəndən bir az sonra isə zəif qar başlayır... Qəsəbənin içində gəzdikcə təxmin edirsən ki, Azərbaycan əsgəri Şuşa əməliyyatının "məşqini" burda edib - artilleriyadan istifadə olunmadan qəsəbə işğaldan azad edilib, çünki dağıntılar yoxdur, yalnız bəzi binaların üstündə yüngül silahların güllə izləri qalır. Hiss olunur ki, bu ərazilərdə küçə döyüşləri gedib. Baxmayaraq ki, Hadrutda ermənilərin çox sayda hərbi birləşmələri olub və onlar üçün bu əraziyə hücum və qəsəbənin itirilməsi qeyri-mümkün görünüb, ancaq görünür, say və bu cür proqnozlar o qədər də əhəmiyyətli deyil - əsas döyüş əzmi və peşəkarlıqdır, onu da Azərbaycan əsgəri hər addımında nümayiş etdirib, düşmən də bir az müqavimətdən sonra qaçmağı qənimət bilib.
Səfərdən öncə Hadrut əməliyyatı
barədə söhbətləşdiyim hərbi ekspert Ədalət Verdiyev deyirdi ki, Hadruta hücum cəsarət tələb edirdi, çünki orada ermənilər böyük qüvvə saxlayırdılar. Bununla belə, bu cəsarətli qərar qəbul edilib və Hadrutun azad olunması Azərbaycan Ordusuna daha böyük əraziyə nəzarət imkanı qazandırıb.
***
İndi Hadrut da öz taleyinin davamını gözləyir. Ermənilər ağıllarını başlarına yığsalar, normal qonşular kimi yaşamaq, inkişaf etmək üçün tarixi fürsəti reallığa çevirəcəyik.
Vüsal MƏMMƏDOV