Daşkənddə “Xalqların adət-ənənələri və mətbəxi” festivalında ölkəmiz də təmsil olunub

Daşkənddəki Beynəlxalq Britaniya məktəbində “Xalqların adət- ənənələri və mətbəxi” festivalı keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, İtaliya, İran, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, İndoneziya, Tacikistan, Ukrayna və digər ölkələrin Özbəkistandakı səfirlikləri və mədəniyyət mərkəzləri iştirak ediblər.

Ölkəmiz bu tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmsil olunub.

Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, Azərbaycan tarixi, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı Mədəniyyət Mərkəzinin Daşkənddə özbək dilində çap etdirdiyi kitablar nümayiş etdirilib.

2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar Azərbaycanın Qarabağ bölgəsinin beşiyi olan Şuşanın tarixi, mədəniyyəti və şəhərdə yaşayıb-yaratmış görkəmli şəxsiyyətlər haqqında məlumatlar yer alıb. Tədbirdə Qarabağ bölgəsinin milli kişi və qadın geyimləri də təqdim olunub. AMM-nin naxıştikmə və rəsm dərnəyi üzvlərinin hazırladıqları əl işləri və suvenirlər də maraqla qarşılanıb. Həmçinin Azərbaycanın müxtəlif bölgələrindən xalçalar və xalq musiqi alətləri nümayiş etdirilib.

Novruz bayramı münasibətilə şagirdlər və tədbirin qonaqları üçün Azərbaycan guşəsində yumurtanın müxtəlif rəng və naxışlarda bəzənməsi üzrə usta dərsləri təşkil olunub.

Azərbaycan guşəsində plov, dolma, həmçinin şəkərbura, paxlava və digər şirniyyatlarımızın satışı həyata keçirilib. Milli mətbəximizə dair stendi Daşkənddəki “Yeməli” restoran təşkil edib. Bildirilib ki, satışdan əldə olunan vəsait uşaq evlərinin fonduna köçürüləcək.

Konsert proqramında Kövkəb Aliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib, iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.