Moldova Respublikasının Baş naziri Natalia Qavrilita Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlərini qəbul edib.
AzərTAC xəbər ki, görüşdə Mərkəzin üzvləri - Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, Gürcüstanın sabiq Baş nazir müavini Eka Tkeşelaşvili, Rumıniyanın sabiq Baş naziri Petre Roman və Mərkəzin Baş katibi Rövşən Muradov iştirak edib.
Daha sonra nümayəndə heyətinin üzvləri Moldovanın Baş nazirinə VIII Qlobal Bakı Forumu barədə məlumat veriblər. Forumun mühüm əhəmiyyət daşıdığı, qlobal problemlərin müzakirə edildiyi nüfuzlu siyasi, elmi platformaya çevrildiyi vurğulanıb və IX Qlobal Bakı Forumuna hazırlıqla bağlı müəyyən məsələlər – dəvət olunan qonaqlar, mövzular, həmçinin yeni layihələr, əməkdaşlıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə atılacaq konkret addımlar müzakirə edilib.
Baş nazir Natalia Qavrilita 2022-ci ildə keçiriləcək IX Qlobal Bakı Forumuna dəvət olunub.
Görüşdə Ukrayna müharibəsinin nəticəsi olaraq yaranmış qaçqın böhranı və bunun yaratdığı sosial-iqtisadi böhran, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rol müzakirə olunub.
Baş nazir Natalia Qavrilitaya Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqanın müəllifi olduğu Nizami Gəncəvinin “Yeddi gözəl”i və ədəbiyyatdan digər esselər kitabı və “Xəmsə”dən seçilmiş miniatürlər kitabı təqdim olunub.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlərinin Kişineuya səfəri çərçivəsində Moldova Respublikasının xarici işlər naziri Nikub Popesku və əmək və sosial müdafiə naziri Marsel Spatari ilə də görüşləri keçirilib.